Kəlbəcər sakini: "Bu gün buraxsalar, yubanmadan gedərəm yurdumuza"

Kəlbəcər sakini: "Bu gün buraxsalar, yubanmadan gedərəm yurdumuza" "Bu yerlər mənə Kəlbəcərimizi xatırladır. Zümrüd meşələri, gur çayları ilə. İnsanlarının qonaqpərvərliyi isə heç vaxt bizə məcburi köçkün olduğumuzu hiss etdirməyib. Nə vaxt darıxsam, evin yanındakı çayın kənarına gəlirəm, ürəyimin nisgilini axar sularla
Qarabağ
25 Noyabr , 2020 23:46
Kəlbəcər sakini: Bu gün buraxsalar, yubanmadan gedərəm yurdumuza
Kənan Ələsgərov

"Bu yerlər mənə Kəlbəcərimizi xatırladır. Sıx meşələri, gur çayları ilə. İnsanlarının qonaqpərvərliyi isə heç vaxt bizə məcburi köçkün olduğumuzu hiss etdirməyib. Nə vaxt darıxsam, evin yanındakı çayın kənarına gəlirəm, ürəyimin nisgilini axar sularla aydınladıram. Bu gün isə fərqli hisslər yaşayırıq. Qarabağımız, Kəlbəcərimiz artıq azaddır".

Bu fikirləri "Report"un Cənub Mərkəzinə hazırda Lənkəran rayonunda yaşayan 47 yaşlı kəlbəcərli məcburi köçkün Kənan Ələsgərov bildirib.

O, ailəsi ilə birlikdə Kəlbəcər rayonunun Yanşaq kəndindən köçkün düşüb və 14 ildir Lənkəranda məskunlaşıb: "Biz həmişə torpaqlarımıza qayıtmaq ümidi ilə yaşamışıq. Şükür Allaha, hər şey geridə qaldı. Bu gün buraxsalar, bir an belə yubanmadan gedərəm yurd-yuvamıza. Biz həmin torpaqlardakı tikinti-quruculuq işlərində iştirak etməliyik.

Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Vallah sevincimizi sözlə ifadə etmək çox çətindir".

K.Ələsgərov deyir ki, çoxuşaqlı ailənin ortancıl övladı olub. Kəlbəcərdən ayrılanda 20 yaşı varmış. Bir müddət Göygöl rayonunda yaşayıblar. Sonradan o Bakıya işləməyə gəlib və paytaxtda Lənkərandan olan qızla tanış olub. Onlar ailə həyatı qurublar. K.Ələsgərov Lənkəranda yaşamağa qərar verib.

Onun həyat yoldaşı Amilə Ələsgərova da sevincini bölüşüb: "İnşallah qayıdarıq. Ailə başçısı hardadırsa, həyat yoldaşı da onun yanında olmalıdır. Gedib yaşayarıq. Niyə də yaşamayaq ki?!”

Son xəbərlər

Orphus sistemi