İsveçli səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsündə olublar.
“Report”un Cəbrayıla ezam olunan əməkdaşının xəbərinə görə, onlara Xudafərin körpüsünün tarixi haqqında məlumat verilib.
Bələdçi bu körpünün Azərbaycan və İranı birləşdirdiyini, həmçinin bir vaxtlar Böyük İpək Yolunda əsas rol oynadığını bildirib.
Qeyd edək ki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyəti Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfər edib.
Nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olub.
Xatırladaq ki, “Club 100” təşkilatının heyəti üçgünlük səfər çərçivəsində Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında olub.