“Xarici işlər nazirlərinin əksəriyyətinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı açıqlamaları göstərir ki, onların hamısı bu nəticələri və Qarabağın gələcəyi ilə bağlı şahidi olduğumuz fundamental dəyişiklikləri tanıyır”.
Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 27-ci iclasının nəticələrini və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin görüş çərçivəsində yaydığı bəyanatı şərh edərkən deyib.
“Bu, o deməkdir ki, heç kim artıq formalaşmış reallıqlara qarşı olmayacaq. Hamı bunu qəbul edib”, - o bildirib.
Hüquqşünasın sözlərinə görə, bütün bu faktlar Azərbaycan üçün çox faydalıdır: “Bu, onu göstərir ki, Ermənistandan başqa, hamı mövcud reallığın tərəfdarıdır. Bu, Azərbaycanın, o cümlədən də diplomatik sahədə birmənalı qələbəsidir”.