"İlham Əliyevin Şuşadan verdiyi mesaj anti-Azərbaycan planları alt-üst etdi"

"İlham Əliyevin Şuşadan verdiyi mesaj anti-Azərbaycan planları alt-üst etdi" “Prezident İlham Əliyev Şuşa səfəri ilə bölgədə postmünaqişə dövründə proseslərin gedişatı üçün bir növ yol xəritəsi cızmış oldu".
Qarabağ
1147
16 Yanvar , 2021 14:59
İlham Əliyevin Şuşadan verdiyi mesaj anti-Azərbaycan planları alt-üst etdi
İlham Əliyev

“Prezident İlham Əliyev Şuşa səfəri ilə bölgədə postmünaqişə dövründə proseslərin gedişatı üçün bir növ yol xəritəsi cızmış oldu. Xüsusən son vaxtlar Ermənistandakı daxili gərginliklər fonunda hakimiyyəti qorumaq naminə, yaxud siyasi xal qazanaraq hakimiyyətə gəlmək istəyən qüvvələr üçün “revanş” amilinin ən arzuolunan populizm mövzusuna çevrildiyi bir vaxtda Prezident İlham Əliyevin mesajı anti-Azərbaycan planları sözün əsl mənasında alt-üst etdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərin əks olunduğu normalara sadiq qalıb: “Hətta Vətən müharibəsinin ən qızğın çağında Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimiz raket atəşinə tutularkən belə Azərbaycan Cenevrə Konvensiyalarına arxa çevirməyərək, düşmənin bir dənə də olsun mülki obyektini hədəfə almamaqla beynəlxalq humanitar hüquqa ehtiramını qorudu. Ermənistan isə Azərbaycanın bu yanaşmasından sui-istifadə edərək vandal xislətini ortaya qoydu və mülki insanlara hücum etdiyi ərazilərin dairəsini genişləndirərək hətta Mingəçevir, Xızı, Qəbələ kimi cəbhəyanı bölgədən çox uzaq əraziləri hədəfə almağa başladı. Lakin nəticə nə oldu? Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sədaqətini qorumaqla döyüş meydanında dördüncü nəsil müharibə imkanlarını nümayiş etdirərək dünya hərb tarixində yeni səhifə yazmağı bacardı və cəmi 44 gün ərzində Ermənistanın hərbi potensialının 80 faizini məhv edildi”.

Deputat vurğulayıb ki, bu gün də Ermənistanda eyni səhvləri təkrar edən, Azərbaycanın beynəlxalq hüquqa, daha dəqiq desək, 10 noyabr və 11 yanvar üçtərəfli bəynatlarına hörmətindən sui-istifadə etmək niyyətində olan qüvvələr nəzərə çarpmaqdadır: “Belə bir ərəfədə Prezident İlham Əliyevin Şuşa səfəri və Şuşada verdiyi bəyanatlar digər mühüm məqsəd və niyyətlərlə yanaşı, həm də Ermənistan üçün revanşizm hisslərinin onlara baha başa gələcəyi xəbərdarlığı idi. Prezident Şuşada açıq formada bəyan etdi ki, “əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək”.

O deyib ki, əslində, müharibə dövründə Ermənistanda hakimiyyətdə təmsil olunmuş kadrların Azərbaycan Prezidentinin xəbərdarlığının mahiyyətini yaxşı anlaması heç bir şübhə doğurmur: “Təsadüfi deyil ki, müharibədən öncə və savaş zamanı təhrikçi bəyanatları ilə mətbuatın gündəmindən düşməyən Ermənistanın baş naziri Nikol Paşinyan və əksər iriranqlı məmurları, habelə hakim partiyanı parlamentdə təmsil edən deputatlar, parlament rəhbərliyi artıq postmüharibə revanşizmi mövzusunda daxili auditoriya üçün belə danışmamağa üstünlük verirlər. Düzdür, bu siyasi uzaqgörənlik yox, daha çox müharibədən qalan qorxunun travması ilə bağlıdır. Ancaq, əslində, Ermənistan üçün elə xeyirlisi də budur. Hətta bəzi erməni məmurlar, baş nazirin köməkçisi, habelə ölkənin vitse-spikeri bir az da irəli gedərək Qarabağın Ermənistan torpağı olmadığını etiraf etməyə başlayıb ki, bölgənin rifahı, sülh və stabillik üçün də yalnız bu cür sağlam yanaşmaya ehtiyac var. Çünki növbəti cəhd Ermənistanı hərtərəfli olaraq daha da geri salmaq deməkdir ki, nə maliyyə, nə insan, nə də hərbi potensialı Ermənistana növbəti mümkün itkilərdən dirçəlmək üçün şans və imkan tanımır. Sirr deyil ki, növbəti büdrəmə 102 illik erməni dövlətçiliyinin sonu olacaq. Praqmatik yanaşılarsa, əslində heç Ermənistanın başqa yolu da yoxdur, çünki, Prezident İlham Əliyevin də dediyi kimi, “Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur”. Üstəlik bütün əlverişli yüksəkliklərdə döyüş şəraiti, hətta, Ermənistanın özündə bir sıra əhəmiyyətli strateji obyektlərə Azərbaycan Ordusunun tam nəzarət imkanları var. Habelə, istər müharibə sonrası qalib və məğlubun müqayisəli döyüş ruhu, istər silahlanma baxımından Ermənistanla Azərbaycan arasında vəziyyət yerlə göy qədər fərqlidir. 44 günlük müharibə dövründə Ermənistanın silah təhcizatçılarının lokal şəraitdə Azərbaycanın hərbi imkanları, eləcə də müdafiə sənayesinə uduzmasının şahidi olduq. Həmçinin hərc-mərcliyin hökm sürdüyü, parçalanmanın müşahidə olunduğu Ermənistandan fərqli olaraq Azərbaycanda uzunmüddətli sabitlik, milli birlik təmin olunub. Başqa mühim məqam ondan ibarətdir ki, iki ölkə arasında iqtisadi imkanlar da müqayisəyə gəlmir, Vətən müharibəsinin, habelə, pandemiyanın təsirlərinə baxmayaraq, xarici donorlardan tam asılı vəziyyətə düşən Ermənistandan fərqli olaraq, ötən bir il ərazində Azərbaycan valyuta ehtiyatlarını artırıb, hətta dünyanın 30-dan çox dövləti üçün donorluq edib. Digər tərəfdən, Ermənistanın özündə övladlarının Ermənistanın sərhədləri xaricinə yollanılmasını istəməyən valideynlərin kütləvi aksiyaları səngimir. Hətta bu aksiyalarda cənab Prezident İlham Əliyevə nicat yeri kimi baxan, kömək üçün Azərbaycan Prezidentinə açıq müraciət etməkdən çəkinməyən xeyli sayda insanlar var. Bütün sadalanan şərtlərin fonunda öncədən gün kimi aşkardır ki, Azərbaycana qarşı istənilən qisasçılıq meyilləri bəri başdan fiaskoya məhkumdur”.

Deputat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Şuşaya səfəri, habelə bu çərçivədə Füzuli-Şuşa yolunun və Füzulidə hava limanının təməllərini qoyulması, həmçinin separatçı meyillərə münasibətdə də önəmli siqnal oldu: “Şuşada və ətraf istiqamətlərdə kommunikasiya xətlərinin qurulması və yenilənməsi separatçı qırıntılarının hələ də mövcud olduğu Xankəndində qalib dövlət olaraq Azərbaycanın ayaq səslərinin eşidilməsi deməkdir. Bu mənada dövlət başçısının “Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, onlar dəmir yumruğu unutmamalıdır!” bəyanatının təsadüfi səslənmədiyi sirr deyil. Üstəlik, Cıdır düzündə, çay süfrəsi arxasında verilən mesajla Ali Baş Komandan, əslində, bölgənin tək sahibinin kim olduğunu göstərməklə yanaşı, nə heç bir kənar qüvvənin, nə separatçılar, nə Sarkisyan-Köçəryan cütlüyü, nə də revanşa cəhd edənlərin bölgədə şansının qaldığını əyani göstərmiş oldu”.

Son xəbərlər

Orphus sistemi