“Hazırda azad edilmiş ərazilərdə planlaşdırdığımız işlərin hamısı öz büdcəmizə əsaslanır. Beynəlxalq təşkilatlardan dəstəklə bağlı hər hansı bir mesaj almamışıq. Kömək etsələr minnətdar olacağıq, əks təqdirdə etdiyimizi edəcəyik. Ərazilərimizi bərpa etməliyik”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Avropa Birliyinin azad edilmiş ərazilərin bərpasında iştirakı ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrini təmsil edən bəzi şirkətlər yenidənqurma layihələrində iştirak edəcək.
“Yaxın üç ildə dəmir yolları, magistral yollar, elektrik enerjisi və su təchizatı kimi bütün əsas infrastruktur layihələrini və inşaatın aktiv mərhələsini tamamlamağı planlaşdırırıq ki, oraya qayıdan insanların orada yaşamaq üçün hər cür şəraiti olsun. Düşünürəm ki, o zamana qədər Zəngəzur dəhlizi də fəaliyyət göstərəcək. Hədəfimizdə 2-2,5 illik müddət durur və əlbəttə ki, müvafiq koordinasiya olsa və Ermənistan süni əngəllər yaratmasa Mehri bölgəsində yolun inşası bu müddətdən çox çəkməməlidir”, - o deyib.