“Enerji təminatı məsələləri üzrə” İşçi Qrup Şuşanın qışa hazırlığı üçün görülən işləri müzakirə edib

“Enerji təminatı məsələləri üzrə” İşçi Qrup Şuşanın qışa hazırlığı üçün görülən işləri müzakirə edib Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun vide
Qarabağ
30 Oktyabr , 2021 12:20
“Enerji təminatı məsələləri üzrə” İşçi Qrup Şuşanın qışa hazırlığı üçün görülən işləri müzakirə edib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda Şuşa şəhərinin əsas bina və obyektlərinin istilik enerjisi ilə təmin olunması üzrə görülən işlərlə bağlı aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat verilib, enerji təminatında keyfiyyətin və davamlılığın təmin olunmasına dair müzakirələr aparılıb.

İstilik qazanxanalarının tikintisi istiqamətində görülən işlərin cari vəziyyəti nəzərdən keçirilib, lazımi avadanlıqların və materialların daşınması və quraşdırılması ilə bağlı həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Qazanxanaların noyabr ayından etibarən istilik mövsümünə tam hazır olacağı bildirilib.

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanmış layihəsinə dair təqdimat nümayiş etdirilib, konsepsiya haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb. Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə edilməsinin və enerji dəyər zənciri mərhələlərində ekoloji təmiz, enerjisəmərəli, müasir və innovativ texnologiyaların tətbiqinin nəzərdə tutulduğu bildirilib. Enerji tələbatı və təchizatı ssenarisinin müəyyən edilməsi məqsədilə konsepsiya çərçivəsində 3 ssenari üzrə təhlillər aparıldığı vurğulanıb.

İşçi Qrupuna daxil olan müvafiq qurumların nümayəndələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə enerji obyektlərinin yenidən qurulması, zəruri infrastrukturun bərpası üzrə həyata keçirilən tədbirlər, ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində görülən işlərin icra vəziyyəti və gələcək planlar barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair növbəti hesabat dinlənilib. İşçi Qrupunun üzvü olan aidiyyəti dövlət qurumları tərəfindən sistemə daxil ediləcək müvafiq məlumatların mütəmadi yenilənməsinin vacibliyi vurğulanıb.

İclasda İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi