ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib.
Təşkilatın məlumatına əsasən, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak edəcəklər. Konsertin elanı ötən həftədən “Facebook” sosial şəbəkəsində aktiv şəkildə reklam olunur.
Ötən gün təşkilat “Facebook” səhifəsində tədbirə qatılacaq Gürcüstandan olan müğənnilərin siyahısını yayıb. Amma məlum olub ki, bəzi gürcü müğənnilər xeyriyyə tədbirindən məlumatsızdır.
Belə ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva siyahıya daxil edilən müğənnilər - Salome Korkotaşvili və Sopo Batilaşvili ilə əlaqə saxlayıb. Müğənnilər konsertdən xəbərsiz olduqlarını bildiriblər və onların konsertdə iştirak edəcəkləri barədə yayılan məlumatları təkzib ediblər.
Daha sonra S.Korkotaşvilinin “Facebook” səhifəsində onun konsertə qatılmayacağı barədə məlumat yerləşdirilib. Bu məlumatdan sonra müğənninin adı konsertin afişasından çıxarılıb. Digər müğənni S.Batilaşvilinin də adı yenilənən siyahıda yer almayıb. Təşkilatın ötən gün yaydığı məlumata əsasən, gürcü müğənni Ketato da pandemiya səbəbindən konsertdə iştirak edə bilməyəcək.
Ən təəccüblüsü isə odur ki, gürcü müğənnilərin siyahısında birinci yerdə “Mepe” təxəllüslü İrakli Çarkvianinin adı göstərilib. Lakin müğənni 2006-cı ilin fevralında vəfat edib.
Bundan başqa, konsert bu ilin yanvarın 20-nə təyin olunsa da, afişada səhvən 2020-ci il qeyd olunub.
Xeyriyyə konsertinin keçiriləcəyi 20 yanvar tarixi də heç şübhəsiz təsadüfən seçilməyib. Azərbaycan xalqının ümummilli hüzn günündə ermənilərin artıq mövcud olmayan qondarma rejimə yardım məqsədilə konsert təşkil etməsi onların növbəti həyasızlığıdır. Tədbirdə guya gürcü müğənnilərin də iştirak edəcəyi barədə yalan məlumatlar yaymaqla ermənilər həm də Azərbaycan və gürcü xalqları arasında müəyyən gərginlik yaratmaq məqsədi güdüblər. Lakin ermənilərin təxribatçı cəhdlərinin hamısı uğursuzluğa məhkumdur.