Gəncədə Xocalı soyqırımının qurbanları yad edilib

Gəncədə Xocalı soyqırımının qurbanları yad edilib Gəncə. 26 fevral. REPORT.AZ/ Gəncədə Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2” də, “Xocalı” abidəsinin önündə ümumşəhər tədbiri keçirilib.
Qarabağ
26 Fevral , 2019 18:05
Gəncədə Xocalı soyqırımının qurbanları yad edilib

Gəncə. 26 fevral. REPORT.AZ/ Gəncədə Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2” də, “Xocalı” abidəsinin önündə ümumşəhər tədbiri keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. 

Əvvəlcə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyub, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərin ruhuna dualar oxuyublar. 

Eyni zamanda Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Son xəbərlər

Orphus sistemi