Sentyabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, onları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün rayonun daha 73 sakinindən ibarət 25 ailə doğma yurdlarına qayıdıblar.
Dövlət rəsmiləri Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarlarını təqdim ediblər.
Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin olunub.
Sentyabrın 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə (73 nəfər) köçürülüb.
"Report" xəbər verir ki, daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 144 ailənin (514 nəfər) daimi məskunlaşması təmin edilib.