Fransalı yazıçı: "Ermənilərin dinc əhalini qətlə yetirməsi müharibə qanunlarına ziddir"

Fransalı yazıçı: "Ermənilərin dinc əhalini qətlə yetirməsi müharibə qanunlarına ziddir" Əsərləri alman, ingilis, boşnak və dari dillərinə tərcümə edilib
Qarabağ
20 Fevral , 2021 10:59
Fransalı yazıçı: Ermənilərin dinc əhalini qətlə yetirməsi müharibə qanunlarına ziddir
Xocalı soyqırımı. 26 fevral 1992

"Xocalı faciəsinin dəhşətlərini yaşamış qadın uşaqkən ermənilərin onların başına gətirdikləri oyunları özü bizə danışır".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında fransalı yazıçı, Birinci Qarabağ müharibəsinə həsr olunmuş kitabın müəllifi Jerar Kardon (Gerard Cardonne) bildirib.

Onun sözlərinə görə, erməni hərbçilərin azərbaycanlı qadın və uşaqları öldürməsi heç bir müharibə qanunlarına uyğun gəlmir: "Mən özüm keçmiş zabitəm və müharibənin heç bir zaman təmiz olmadığını bilirəm. Müharibə zamanı əsgər əsgəri öldürür. Lakin müharibədə belə qadın və uşağa əl qaldırmaq qadağandır. Xocalı faciəsi tarixə qara hərflərlə yazılıb. Bu qanlı hadisə Sovet İttifaqının dağılması zəminində dövlətlərin bacardığı qədər artıq parça torpaq əldə etməyə çalışması nəticəsində törədilib. Lakin sərhədlər artıq məlum idi. Dağlıq Qarabağ Azərbaycanın ərazisi idi".

Fransalı yazıçı Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyib: "Mən başqasının torpağına göz dikən dövlətləri pisləyirəm. Keçmişdə belə hallar çox olub. Lakin bu gün buna son qoymaq lazımdır. Çünki yoxsa müharibələr yer üzündən əksik olmayacaq".

 Jerar Kardon
Jerar Kardon

J.Kardon Xocalı soyqırımı haqqında kitabının necə ərsəyə gəldiyinə də toxunub: "Mən yalnız öz gördüklərimi, eşitdiklərimi, yaşadıqlarımı yazıram. Azərbaycanda olarkən bir dəfə Füzuliyə səfər etmişdim. Ermənilərin atdığı güllə nəticəsində həyatını dəyişmiş balaca Zəhranın taleyi ilə tanış olmuşdum. Onun məzarının üzərinə gül dəstəsi qoymuşdum. Bu zaman fikirləşdim ki, bütün bu olanlar normal deyil, belə olmamalı idi. Bundan sonra Xocalı faciəsinin canlı şahidləri ilə danışdım, onların bu faciədə yaşadıqlarından çox təsirləndim. Beləliklə, mənim Qarabağ münaqişəsinə həsr olunmuş kitabımın qəhrəmanı Fidan oldu. Hekayə Xocalı faciəsinin dəhşətlərini yaşamış balaca qızcığazın adından nəql olunur".

Qeyd edək ki, J.Kardon Fransanın "Fəxri Legion" zabiti və "Lafayet" ordeni komandiridir. 2010-cu ildə "İncəsənət və ədəbiyyat cəngavəri" adına layiq görülüb. Əsərləri alman, ingilis, boşnak və dari dillərinə tərcümə edilib.

Son xəbərlər

Orphus sistemi