“Bu torpaqlara gələn zaman Qarabağ zəfərinin necə böyük zəfər olduğunu bir daha açıq şəkildə anladıq. Bunu ürəkdən hiss etdik. Müharibədə şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralılara uzun ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq”.
“Report”un Qarabağ bürosunun məlumatına görə, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdam şəhərində jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Bu qələbə, Azərbaycan, bölgə və Türkiyə üçün böyük bir zəfərdir. Çox qərarlı bir şəkildə 30 illik işğal sona çatdırıldı. Həqiqətən, Cənab Prezident İlham Əliyevin qərarlı mövqeyi nəticəsində işğal aradan qaldırıldı və bölgə azad edildi. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mübarizəsinə dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq.
Digər tərəfdən də, əslində, buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarıq olan zaman, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. Tamamilə üç meymunu oynayıblar. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”-deyə, Fahrettin Altun bildirib.
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun həmçinin UNESCO-ya da müraciət edib:
“Mən buradan UNESCO-ya səslənərək bildirmək istəyirəm ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini artıq rəsmən görsünlər”.