“Ermənistanın müharibə cinayətlərinin hədəfinə çevrilmiş şəhər və rayonlarımızda faktaraşdırıcı missiyalar həyata keçirilib, dünya ictimaiyyətinə faktların çatdırılması və zərərçəkmiş mülki insanlara münasibətdə fəaliyyət davam etdirilir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “COVID-19 və hərbi vəziyyət dövründə insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş onlayn konfransda çıxışı zamanı deyib.
Ombudsman həmin dövr ərzində qeyd edilənlərlə bağlı beynəlxalq ictimaiyyətə çoxsaylı bəyanat və müraciətlər, faktaraşdırıcı missiya hesabatları ünvanlandığını qeyd edib.
Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq qadağan edilmiş silahlardan istifadə və mülki əhalinin hədəfə alınması, hərbi əsirlərlə rəftar qaydalarının pozulması, muzdlular və terrorçu qruplaşmalardan istifadə edilməsi, ekoloji terror törədilməsi, dini-mədəni abidələrin dağıntılara məruz qalması mövzularında Ombudsmanın beynəxalq təşkilatlara müraciətlər etdiyi bildirilib.