Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, şanlı ordumuzla d
Qarabağ
2 Oktyabr , 2020 18:35
Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən "Report"a bildirilib ki, şanlı Ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Çirkin əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər rayonunun mərkəzində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın hadisəsi baş verib. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.

Ağdam rayonunun Xındırıstan kəndinə atılan düşmən mərmisinin təsərrüfat sahəsində səbəb olduğu yanğın yanğınsöndürmə qüvvələri tərəfindən qısa müddətdə sondürülüb. Bundan başqa, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə, Tərtər rayonunun Şıxarx qəsəbəsinə, Füzuli rayonunun Horadiz şəhərinə atılan mərmilərin törətdiyi yanğınlara müdaxilə edilməsi düşmənin ərazini atəş altında saxlaması səbəbindən mümkün olmayıb.

Həmçinin Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə və Kəbirli kəndlərinə düşən mərmilərin zərərsizləşdirilməsi ilə əlaqədar yanğınsöndürmə qüvvələrinin növbətçiliyi təşkil edilib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Son xəbərlər

Orphus sistemi