Bakı. 2 may. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.