Əhalinin 10 noyabr Bəyanatına münasibəti necədir?

Əhalinin 10 noyabr Bəyanatına münasibəti necədir? Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatı ilə bağlı əhali arasında sorğu keçirib.
Qarabağ
22 Dekabr , 2020 10:17
Əhalinin 10 noyabr Bəyanatına münasibəti necədir?
İlham Əliyev

Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatı ilə bağlı əhali arasında sorğu keçirib.

"Report"un xəbərinə görə, sorğuda təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib. Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub. Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.
Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.
Tədqiqat 2020-ci ilin 1-4 dekabr tarixlərində keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında keçirilmişdir. Sorğunun orta keçirilmə müddəti 12 dəqiqə 15 saniyədir.
Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib.

27 sentyabrda başlayan Vətən müharibəsindən cəmiyyətin əsas gözləntisi (90.6%) Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi.

Demək olar ki, hər 3 nəfərdən biri (30.7%) müharibənin daha tez, 7.8% isə daha gec başa çatacağını hesab edirdi. Cəmi 6.0% respondent ya yalnız ətraf 7 rayonun, yaxud yalnız Dağlıq Qarabağın tamamilə işğaldan azad ediləcəyini gözləyirdi.

Yalnız 2.5% respondent beynəlxalq sülhməramlıların bölgəyə gələcəyini gözləyirdi.

Vətən müharibəsi əhalinin 88.4%-nin gözlədiyi kimi yekunlaşıb. Vətən müharibəsinin gözlədiyi kimi yekunlaşdığını bildirənlər içərisində orta (36-45 yaş) və yuxarı (56-65 yaş) yaş qrupundan olanlar digər yaş qrupundan olanlarla müqayisədə üstünlük təşkil edir.

Respondentlərin 11.6%-i üçün Vətən müharibəsi gözlədiyi kimi yekunlaşmayıb. Bunun əsas səbəbləri kimi iki amil qarşıya çıxır - işğal altında olan bütün torpaqlardan ermənilərin çıxarılmaması (67.7%) və regiona Rusiya sülhməramlılarının daxil olması (44.6%).

Seçmənin təxminən üçdə bir hissəsinin (29.2%) narazılığının səbəbi isə Laçın dəhlizi vasitəsilə Qarabağla Ermənistan arasında əlaqənin Azərbaycanın tam nəzarətində olmamasıdır.

Əhalinin nəzərində II Qarabağ müharibəsinin ölkəmiz üçün ən böyük müsbət təsiri Ali Baş Komandana (90.0%) və milli orduya inamın daha da artması, həmçinin milli birliyin güclənməsi (75.5%) oldu.

Əhalinin yarısı isə bu qənaətdədir ki, Vətən müharibəsi 1990-cı illərdə yaranmış “məğlubiyyət sindromu”nu “qalib xalq” hissi ilə əvəz etdi. “Sosial-iqtisadi təminatda kütləvi problemlər yaşanmadı” varinatını seçənlər respondentlərin 27.0%-ni təşkil edir.

Əhalinin 81%-i 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan bəyanat barədə fərqli dərəcələrdə (42.5% “tam məlumatlıyam”, 38.5% “qismən məlumatlıyam”) məlumatlı olduğunu bildirib. 19.1% respondentin isə birgə bəyanat barədə heç bir məlumatı yoxdur.

“Heç məumatım yoxdur” variantı ümumi orta təhsilli (40.0%) və tam orta təhsillilər (26.8%) tərəfindən nisbətən daha çox seçilib.

Maraqlı nəticədir ki, 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan bəyanat barədə məlumatlılıq dərəcəsi ilə bəyanata münasibət arasında statistik əhəmiyyətli korrelyasiya mövcuddur. Belə ki, məlumatlılıq dərəcəsi yüksək olduqca, bəyanata münasibətin daha da müsbət olma ehtimalı artır. Bəyanat barədə tamamilə məlumatlı olduğunu deyən əhalinin 92.0%-i bəyanata müsbət baxırsa, analoji göstərici heç bir məlumatı olmayanlar üçün təxminən 20.0% daha aşağıdır. Bu isə bir daha onu göstərir ki, bəyanat barədə ictimaiyyətin onların etibar etdiyi şəxslər və qurumlar vasitəsilə daha çox maarifləndirilməsinə ehtiyac var.

86.0% respondentə 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan bəyanat barədə bütün məqamlar aydındı.

10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan bəyanat barədə təxminən 14.0% respondent üçün aydın olmayan məqamlar qalmaqdadır. Məlumatları əsasən sosial şəbəkələrdən alan respondentlərin 20.0%-i onlar üçün aydın olmayan məqamların qaldığını bildirib. Bu göstərici məlumatları əsasən televiziyalardan alanlar arasında 12.8% təşkil edir.

Bəyanatla bağlı əhalinin bir qismi (14.0%) üçün ən çox bu üç məqam qaranlıq qalıb: üç rayonun - Xankəndi, Xocalı və Xocavəndin statusu barədə dəqiq açıqlamanın olmaması (41.0%), azərbaycanlıların və ermənilərin birgəyaşayışının tənzimlənməsinə dair mexanizmlərin göstərilməməsi (26.0%) və Rusiya sülhməramlılarının gələcək fəaliyyəti (24.0%).

75.0% respondent Bəyanatla bağlı KİV-də verilən şərhlərin tam aydın olduğunu, 7.0% isə aydın olmadığını bildirib. 15.0% isə ziddiyətli fikirlər səsləndirildiyini dilə gətirib.

Əhalinin 85.9%-i Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan birgə bəyanata müxtəlif dərəcələrdə (54.2% “tamamilə müsbət”, 31.7% “əsasən müsbət”) müsbət münasibət bildirib.

Üçtərəfli bəyanata bu və ya digər dərəcədə mənfi münasibətini ifadə edənlərin göstəricisi cəmi 7.2% təşkil edir. Bir o qədər respondent də (7.0%) buna münasibət bildirməkdə çətinlik çəkir.

Birgə bəyanatda bəyəndikləri və ya bəyənmədikləri bəndlə bağlı fikir bildirən respondentlərin göstəricisi cəmi 56.4% (340 nəfər) olub. Respondentlərin 43.6%-nin bununla bağlı heç bir fikir bildirə bilməməsi onların bəyanatla bağlı məlumatlı olmadığını göstərir.

Bəyanatla bağlı aydın olmayan məqamların qaldığını bildirən respondentlərin 56.6%-i bəyanatın mənfi tərəflərini qeyd edib. Bunun əksinə bütün məqamların aydın olduğunu bildirən respondentlərin 23.5%-i mənfi tərəfləri qeyd edib.

40.6% respondent birgə bəyanatın ən çox bəyənilən iki bəndi kimi Ermənistanın öz qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonundan çıxarması ilə bağlı 6-cı bəndi (44.9%) və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Naxçıvanın blokadadan azad olunmasını nəzərdə tutan 9-cu bəndi (31.0%) seçib. Bütövlükdə, Azərbaycanın qazandığı tarixi qələbənin mahiyyəti hərbi uğurlarla yanaşı, dövlətin təməlinə töhfələri ilə ölçülür ki, bəyanatın məhz bu iki bəndi təkcə bölgənin deyil, o cümlədən Naxçıvanın iqtisadi gələcəyi üçün mühüm əhəmiyyətə malikdir.

28.0% respondent ən çox bəyənmədikləri iki bənd kimi Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsini nəzərdə tutan 3-cü bəndi (40.8%) və Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinə dair 4-cü bəndi (43.2%) qeyd edib.

Bəyanatın 3 və 4-cü bəndlərinə rəylərin təhlili nəticəsində belə yekun nəticəyə gəlmək olar ki, sözügedən məqamlar Qarabağdan erməni silahlı qüvvələrinin tamamilə çıxarılmasını, eləcə də sülhyaradıcı qüvvələr vasitəsilə ermənilərin Kəlbəcər, Ağdam və Laçından sülh yolu ilə çıxarılması ilə Qarabağ ərazisinə məcburi köçkünlərimizin və qaçqınlarımızın geri qaytarılmasını nəzərdə tutsa da, hərbi kontingentin tərkibində Türkiyə sülhməramlılarının yer almaması Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı keçmiş ənənəvi xəttə dönüşə dair narahatlıqlardan xəbər verir.

Son xəbərlər

Orphus sistemi