Edillidə aşkar edilən kütləvi məzarlıqda qətlə yetirilmiş azərbaycanlıların nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.
"Report" xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar vardır.
Bugünədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.
Aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir.
Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.
Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb.
Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Fərrux kəndi yaxınlığında tapılmış qalıqların ekspertizası nəticəsində Ermənistan tərəfinin iddialarının əksinə olaraq, insanların heç bir qəbirüstü abidə və ya tanınma lövhəsi olmadan dəfn edildiyi və antropoloji təhlilə əsasən həmin insan qalıqlarının Azərbaycan türklərinə aid olduğu üzə çıxıb.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 62 nəfər Azərbaycan hərbçisi Birinci Qarabağ müharibəsi zamanı 1992- 1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Eyni zamanda, toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.