Dörd bacının bir qardaşı - dörd aylıq körpəsi yadigar qalan xüsusi təyinatlı

Dörd bacının bir qardaşı - dörd aylıq körpəsi yadigar qalan xüsusi təyinatlı Dörd bacının bir qardaşı - dörd aylıq körpəsi yadigar qalan qəhrəman
Qarabağ
8 Dekabr , 2020 17:45
Dörd bacının bir qardaşı - dörd aylıq körpəsi yadigar qalan xüsusi təyinatlı
Məhəmməd Hüseynov

Şəhid əmisinin yolunu seçən qəhrəmanımız – üç arzusuna çatdı, Vətənə bağlılıq və sədaqət üstün gəldi

“Report”un Gürcüstan bürosunun müxbiri Cəmilə Babayevanın bacısının həyat yoldaşı Məhəmməd Hüseynov Vətən müharibəsində şəhid olub. Əməkdaşımız qohumunun əziz xatirəsinə yazı ithaf edib.

Əslən Cəbrayıl rayonunun Horovlu qəsəbəsindən olan Hüseynov Məhəmməd Alik oğlu 1993-cü ilin oktyabrın 28-də Beyləqan rayonunda doğulub. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçib. Baş çavuş rütbəli hərbçi xidmətini başa vursa da, Xüsusi Təyinatlı Dəstədə xidmətini davam etdirib.

M.Hüseynov bu ilin sentyabrın 27-də Murovdağ silsiləsində gedən ağır döyüşlərə qatılıb və yüksək peşəkarlığı ilə seçilib. Mühüm strateji yüksəkliyin azad olunmasından sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə cəlb olunan hərbçi ata-baba yurdu - Horovlu kəndinin düşməndən azad olunmasında iştirak edib. Doğum gününə 20 gün qalmış - oktyabrın 8-də Cəbrayıl şəhəri yaxınlığında qəhrəmancasına şəhid olub.

Əziz qardaşım Məhəmməd, bu gün şəhidlik zirvəsini fəth etməyindən iki ay ötür. Bu sətirləri göz yaşları içində yazarkən belə sənin artıq həyatda olmamağına hələ də inana bilmirəm. Sənin haqqında heç nə yazmırdım, çünki sağ-salamat qayıdacağına inanırdım, böyük ümidlə dualar edirdim. Döyüş yolundan, şücaətin və igidliyindən Vətən müharibəsindən qəhrəman kimi qayıdandan sonra yazmağı arzulayırdım... Sən dörd bacının bir qardaşı idin. Mənə də “bacı” deyə müraciət edərdin. Mənim qardaşım yoxdur, amma olsaydı, sənin kimi Vətənə bağlı, mərd, qorxmaz, iradəli, məsuliyyətli və qayğıkeş olmağını istərdim.

Şəhidliyi gözünə almışdın. 1996-cı ildə Qarabağ uğrunda şəhid olan əmin Hüseynov Hüseyn Məhəmməd oğlunun yolunu seçmişdin. Əminlə bağlı etdiyin paylaşımlarında onun mərdlik və igidliyindən qürurlandığını bildirirdin.

“Səninlə fəxr edirəm igid və qəhrəman əmim. Allah səni ən gözəl zirvəyə - şəhidlik zirvəsinə ucaltdı. Hər insana qismət olmayan zirvəyə. Sənin kimi əmim olmağımla hər zaman qürur duymuşam. Uşaqlıqdan sənin yolunu davam etdirmək arzum var idi və davam da etdirirəm. Sənə layiqli qardaşoğlu olmağa, ömrüm boyu sənin qürurunu daşımağa davam edəcəm”, - deyirdin həmişə.

Məhəmməd, heç kəsə etiraf etməsən də, əminin intiqamını almaq hissi ilə yaşayırdın. Onun yolu ilə qürurla gedərək həm qisasını aldın, həm də yazdığın kimi hər insana qismət olmayan zirvəyə yüksəldin.

Şəhid əminlə o qədər fəxr edirdin ki, oğlun dünyaya gələrsə, ona Hüseyn adını vermək arzun var idi. Allah səni bu arzuna da çatdırdı. Hüseyn balanı “igid oğlum” deyə əzizləyirdin... Atalar yaxşı deyib, igid ölər, adı qalar. Yadigarın – Hüseynov Hüseyn Məhəmməd oğlu iki igid adını yaşadır. İnanıram ki, Hüseyn də sən və əmin kimi Azərbaycanın igid oğullarından biri olacaq.

Müharibəyə növbəti təlimə gedirsən deyib yollanmışdın. Son dəfə bacıma zəng edəndə “hər şey yaxşıdır, narahat olma” demişdin. Atamla danışanda sevinclə doğma yurdun - Cəbrayılı düşmən tapdağından azad etməyinizi xəbər edib irəlilədiyinizi qürurla bildirmişdin.

Qayınata və qayınananı Bakıdakı “ata-anan” hesab edirdin. Dörd il bundan öncə ilk övladlarını vaxtsız və bədbəxt hadisə nəticəsində itirən valideynlərim sanki ikinci övlad itkisinin ağrı-acısını yaşayırlar...

Mərd qardaşım, səninlə qürur və fəxr duyuram. Sənin cavan yaşda həyatla vidalaşmağın yalnız Hüseynovlar, Babayevlər ailəsi və cəbrayıllılar üçün deyil, bütün Vətən üçün ağır və yeri dolmayacaq itkidir. Səni cəmi iki il tanıdım və bu zamanın çox qısa olmasına elə təəssüf edirəm. Amma digər tərəfdən şükür edirəm ki, səni tanımışam və ailəmizin əziz üzvü olmusan. Ömrünü Vətənə xidmətə həsr etmişdin. Hətta həyatının ən əlamətdar günlərində belə bu şərəfli işinin başında olurdun. Nikah günündə iki saatlıq icazə alıb mərasim zalına yetişə bilmişdin. Hərbçinin həyat yoldaşı olmaq çox çətin olsa da, bacım bəlkə də bu qədər çətin olacağını ağlına belə gətirməmişdi. Ailə həyatınız cəmi bir il bir ay sürdü... Yoldaşına və oğluna bağlı olsan da, Vətənə bağlılıq və sədaqət üstün gəldi. Sən 27 illik qısa, lakin şərəfli ömründə üç əsas arzuna çatdın – əminin yolu ilə gedib qısasını aldın, doğma yurdunu azadlığa qovuşdurdun, oğluna Hüseyn adını qoydun. Bir arzun – əzəli torpaqlarımızı azad etmək yalnız sənin deyil, bütün Azərbaycan xalqının ən ümdə arzusu idi. 30 ilə yaxın Qarabağ həsrətimizə son qoymaq üçün Vətən uğrunda qurban gedən 2 783 oğul arasında birincilərdən oldun. 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə silahdaşlarına ünvanladığın təbrikində dilədiyin kimi Uca Allah sizə üç rəngli bayrağımızı zirvələrdə dalğalandırmağı qismət etdi. Bayrağı bayraq edən üstündəki qandır. Artıq sənin də qanın bu qanlara qarışıb.

Bütün şəhidlərimiz kimi sənin də qanın yerdə qalmayıb. Sənin timsalında bütün şəhidlərin xatirəsini daim əziz tutub sizi sonsuz minnətdarlıq hissi ilə yad edəcəyik.

İgid qardaşım, uca zirvədə rahat və nur içində uyu! Ata-anana sənin kimi övlad yetişdirdiklərinə görə minnətdaram. Sən ölməzlik qazanıb əbədiyyətə qovuşdun. Başımızı dik tutub, qürurla yaşayacağıq. Böyük qürur hissini sən və döyüş yoldaşların bizə bəxş etdiniz.

Məhəmməd, ruhun qarşısında baş əyirəm və söz verirəm ki, oğlun Hüseyni Vətənə və sənə layiq boya-başa çatdıracağıq. Gənc ata olaraq canını Vətən üçün fəda edib, torpaq bütövlüyümüz məsələsini oğlunun timsalında gələcək nəsillərə saxlamadın.

Biz Şanlı Qələbimizdə böyük payı olan səni və bütün şəhidlərimizi heç zaman unutmayacağıq! Allah sizə rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi