Bu gün onun doğum günüdür. Səyyad Ağahüseynli yaşasaydı, ailəsi, doğmaları ilə birlikdə 19 yaşını qeyd edəcəkdi. Amma ilk dəfədir ki, ailəsi doğum gününü onsuz keçirdi. Çünki Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Səyyad Ağahüseynlidir.
“Report”un Muğan bürosu şəhidin ailəsinin yaşadığı evdə olub, yaxınları ilə söhbətləşib.
Ağahüseynli Səyyad Əliyar oğlu 2002-ci il yanvarın 30-da Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. Zəhmətkeşliyi və bacarığı ilə digər həmyaşıdlarından seçilən Səyyad hələ uşaqlıqdan hərbi xidmətə böyük maraq göstərib. Bu da onun erkən yaşlarından vətənpərvər ruhda böyüməsindən irəli gəlib.
O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsi başlayanda təcrübəli əsgər kimi döyüş meydanına atılan Səyyad qısa müddət ərzində düşmənin qorxulu kabusuna çevrilən qəhrəmanlarımızdan biri kimi tanınıb.
İşğal altındakı torpaqlarının azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Səyyad düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. O, bir sıra ağır əməliyyatlarda dəfələrlə şəxsi şücaətləri ilə seçilib. Buna görə də əsgər yoldaşları arasında böyük hörmət qazanıb.
Sonuncu dəfə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan əsgərimiz oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Səyyad Ağahüseynli oktyabrın 21-də Cəlilabad rayonunun Qarazəncir kəndində dəfn edilib.
Şəhidimiz Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.
Ailə üzvləri və yaxınları bu gün şəhidin məzarını ziyarət edib, qəbri önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Qəhrəman şəhidimizin yaxınları onun haqqında xatirələrini bölüşüb.
Allah rəhmət eləsin!