Dinc əhalini hədəfə alan Ermənistan hərbi cinayətlər törədir

Dinc əhalini hədəfə alan Ermənistan hərbi cinayətlər törədir ​​​​​​​Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsində yerləşməyən üç rayonuna - Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raket atıb.
Qarabağ
22 Oktyabr , 2020 13:48
Dinc əhalini hədəfə alan Ermənistan hərbi cinayətlər törədir

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsində yerləşməyən üç rayonuna - Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raket atıb.

“Report” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin işğalda olan torpaqlarımızı azadetmə əməliyyatları nəticəsində böyük itkilərlə üzləşən Ermənistan çıxış yolunu müharibə zonasından uzaq bölgələri, mülki və strateji obyektləri, dinc əhalini, qadınları uşaqları hədəfə almaqda görür. Bununla da faktiki olaraq sülh və insanlıq əleyhinə cinayətlər törədir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan dinc sakinlərə qarşı hərbi cinayətlərini davam etdirir:

“Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ-taktiki raketlər atıb. Günahsız dinc əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfi olub. Ermənistan dinc sakinlərə qarşı hərbi cinayətlərini davam etdirir. Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib. Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.

Qadağan edilmiş silahdan istifadə hərbi cinayətdir

Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə etməsi ilk hal deyil.

Halbuki IV Cenevrə Konvensiyasına görə, mülki əhaliyə qarşı “Elbrus” (SKAD) qanadlı raketinin istifadəsi hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir.

Hədəfdə mülki obyektlər, dinc əhali, uşaqlar və qadınlardır

Sentyabrın 27-dən başlayaraq Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanının sülhəməcbuertmə əməliyyatlarının davam etdiyi dövrdə Ermənistan təmas xəttində yerləşməyən əraziləri hədəfə alması dəfələrlə müşahidə edilib.

Müharibə zonasından 100 kilometrlərlə aralıda yerləşən Gəncə və Mingəçevir şəhərləri, həmçinin Xızı rayonu da dəfələrlə raket atəşinə tutulub.

Nəticədə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən 63 mülki şəxs qətlə yetirilib, 293 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.

Ölən və yaralananlar arsında çox sayda uşaq və qadınlar da var.

IV Cenevrə Konvensiyasına uyğun olaraq silahlı münaqişə zamanı mülki şəxslərin, xüsusilə uşaqların qorunması konvensiyanın əsas prinsiplərindəndir. Bu qətllər Ermənistanın siyasi və hərbi rəhbərliyinin uşaq qatili olduqlarını, insanlıq əleyhinə cinayət törətdiklərini və heç bir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiklərini göstərir.

Təxribatların miqyası Azərbaycanla məhdudlaşmır

Mülki obyektlər və dinc əhali ilə yanaşı, Ermənistanın raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəməri də seçilib.

Bu isə təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi.

Azərbaycan əks-hücum tədbirlərini Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirir

Ermənistan tərəfindən isə dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması isə beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə zidddir.

Halbuki Azərbaycan Silahlı Qüvvələri Hərbi Komandanlığının rəsmi elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində əks-hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi