"Mən öncə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm ki, onun sayəsində girovluqdan azad olundum. Əslində girovluqda olduğum zaman ümidim var idi. Mən deyirdim ki, vaxt gələcək Azərbaycan əsgəri bura gəlib çıxacaq və elə də oldu. Xalqımızı qələbə münasibətilə təbrik edirəm”.
“Report” xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni girovluğunda saxlanılmış Dilqəm Əsgərov deyib.
“Mən Ermənistan ərazisinə keçməmişdim. Öz ata-baba yurdumu ziyarətə getmişdim. Onlar məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndinə apardılar. Orada mənim iki barmağımı qırdılar, başımın sümüklərində problem var. Xankəndində olduğum bir həftədə mənə yemək vermədilər. Mən tutulanda çəkim 105 kilo idi və 55 kiloya düşmüşdüm. Onlar avtomatın qundağı ilə sinəmə və qoluma vururdular. Məni istintaq vaxtı 15 nəfərin iştirakı ilə döyürdülər. Qalxa bilməsəm də, zorla qaldırırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin mənə bir il müddətində heç bir köməkliyi olmayıb. Mənim barmağımın qırılmasını, başımın sümüklərindəki problemləri Qırmızı Xaç Komitəsi bilirdi”, - o bildirib.
D.Əsgərov vurğulayıb ki, Şuşada həbsxananın içərisi beton idi: "Orada acınacaqlı vəziyyət var idi. Dövlətimizin təzyiqi nəticəsində Qırmızı Xaç Komitəsi bizə yemək və digər şeylər alıb gətirirdi. Həbsxanada da mənə işgəncələr, xüsusilə bədənimə elektrik cərəyanı verirdilər. Məqsəd Azərbaycan hökumətinin əleyhinə danışdırmaq idi. Ancaq mən buna imkan vermədim".