"Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində ölkəmiz uğurlu inkişafını təmin edib və əldə etdiyimiz müstəqilliyimiz möhkəmlənib. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi ad qazanıb və dünya birliyindəki nüfuzu daha da artıb".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən başlıca vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olub:
"Cənab Prezidentin siyasi iradəsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Azərbaycan diplomatiyasının uğurları ölkəmizin BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, Avropa Parlamenti, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ilə bilavasitə bağlıdır.
Buna baxmayaraq, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalının davam etməsi beynəlxalq təşkilatların susqunluğu və fəaliyyətsizliyi ilə müşayiət olunub. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul etdiyi və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təxirəsalınmaz, tam və qeyd-şərtsiz şəkildə çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr 27 il kağız üzərində qalıb, Ermənistan bu qətnamələri və ümumiyyətlə beynəlxalq hüququ ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutub. Bütün bunlar dünyada sülhü və təhlükəsizliyi təmin etməli olan beynəlxalq hüquqa ciddi zərbə vurub, onun dövlətlərarası münasibətlərdə rolunu və əhəmiyyətini xeyli dərəcədə azaldıb".
Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilməyib, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edilib:
"Lakin 27 ildən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarının bir hissəsini işğaldan azad etməklə BMT-nin Təhlükəsizlik Şurasının 822 və 884 saylı qətnamələrinin icrasını bu gün təmin edir, beynəlxalq hüququn əvvəllər malik olduğu aliliyini bərpa edir, öz tarixi ilə yanaşı, beynəlxalq hüququn da yeni tarixini yazır".