Deputat: "Ermənistanın sərhəddə süni ajiotaj yaratması hələ də reallıqla barışa bilmədiyini göstərir"

Deputat: "Ermənistanın sərhəddə süni ajiotaj yaratması hələ də reallıqla barışa bilmədiyini göstərir" "Azərbaycanın bölgənin yeni güc mərkəzi kimi regionda və dünyada baş verən mühüm proseslərə dair mövqeyi var"
Qarabağ
182
22 May , 2021 15:18
Deputat: Ermənistanın sərhəddə süni ajiotaj yaratması hələ də reallıqla barışa bilmədiyini göstərir

"Azərbaycanın 44 günlük müharibədəki qələbəsi 30 illik münaqişəyə son qoysa da, Vətən müharibəsinin hərbi-siyasi nəticələri Cənubi Qafqazda sülh və sabitlik imkanları və əməkdaşlıq mühiti formalaşdırsa da, informasiya cəbhəsində vəziyyət hələ sabit deyil".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, son proseslər, məsələn, Azərbaycanın qədim torpağı olan Qaragöl istiqamətində tərəflərin hər birində əvvəlcədən olan xəritələr əsasında sərhəd mühafizə sisteminin qurulması prosesi ətrafında yaradılan süni ajiotaj Ermənistanın hələ də reallıqla barışa bilmədiyini göstərir: "Lakin bu dövlətin hərbi potensialının məhv edilməsi səbəbindən, üstəlik, Azərbaycan hərbi-siyasi imkanlar baxımdan Ermənistanın müttəfiqlərini də çarəsiz buraxdığı üçün qarşı tərəf yeganə çıxış yolunu çirkin kampaniya və təbliğatda görür. Nəzərə alsaq ki, 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı eyni taktikadan istifadə edərək ciddi nəticələr əldə edə bilmişdi və o zamankı hakimiyyətin səbatsızlığı və informasiya siyasətinin düzgün qurulmaması fonunda proses ağır nəticələrə səbəb olmuşdu. Vətən müharibəsi dövründə isə biz fərqli durum müşahidə etdik".

Deputat bildirib ki, orduya və uğurlu hərbi əməliyyatlara Ali Baş Komandanlıq edən İlham Əliyev informasiya siyasətinə də rəhbərliyi şəxsən üzərinə götürdü: "44 gün ərzində ayrı-ayrı çıxış və bəyanatları, sosial şəbəkədə işin təşkili üzrə şəxsi nümunəsi, dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələri informasiya savaşının taleyini həll etdi. Xüsusən nəzərə alsaq ki, müsahibələrin çoxu ittiham xarakterli suallar üzərində qurulmuşdu, lakin dövlət başçısının, beynəlxlalq hüquqa, ədalətə və həqiqətə əsaslanan mövqeyi məsələni kökündən həll etdi. Əslində, bu yanaşma Azərbaycan üçün yeni informasiya siyasətinin kontur və məzmununu müəyyən etmiş oldu. Vətən müharibəsindən sonra dövlət başçısı informasiya ilə iş məsələsində xüsusi həssaslıq nümayiş etdirir və ən doğrusu da budur".

"Biz 7 ay öncəyədək işğala məruz qalmış və məğlub dövlət kimi tanınırdıqsa, artıq zəfər Azərbaycanın regionda mövqeyini köklü dəyişdi, biz qələbəmizin nəticələrini hərbi paradda və Hərbi Qənimətlər Parkında necə nümayiş etdirdiksə, zəfərin nəticələrini və yeni geosiyasi reallığı da o formatda qəbul etdirməliyik. Məhz bu mənada yeni informasiya siyasəti kontekstində Prezident İlham Əliyev tam fərqli bir strategiya nümayiş etdirərək sual və yanaşmalar qərəzli olsa belə, bu suallara yeni imkan və həqiqətləri bəyan etmək üçün əlavə fürsət kimi yanaşmağa başladı. Həqiqətən də istər Vətən müharibəsi dövründə, istər fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında, istər ötən ay ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masada, istərsə də dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda müzakirələrində 50-dən çox media mənsubu və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə ünsiyyət zamanı sistemli yanaşmaya və məntiqə əsaslanan yeni strategiyanın özünü doğrultduğunun şahidi olduq. Əslində, Prezident İlham Əliyevin strategiyasını informasiyalı cəmiyyət quruculuğu şəraitində informasiya müharibəsinin yeni mərhələləri ehtimalı üçün yol xəritəsi hesab etmək olar. Bu yol xəritəsinin isə hədəfləri və konturları kifayət qədər aydındır", - o qeyd edib.

B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın artıq bölgənin yeni güc mərkəzi kimi regionda və dünyada baş verən mühüm proseslərə dair mövqeyi var: "Bu mövqenin əhatə olunduğu mesajları effektiv formada bəyan etməklə regionda bizsiz siyasi proseslərin mümkünsüzlüyünü göstərə bilirik. Eyni zamanda, prosesləri mümkün qədər qabaqlamaqla mümkün risklərin qarşısını almaq üçün uyğun mühit formalaşdırırıq. Təsadüfi deyil ki, məhz İlham Əliyevin yeni informasiya strategiyası nəticəsində Ermənistan və erməni lobbisinin informasiya savaşında “hərbi əsirlər”, “kilsənin dağıdılması” son günlər isə “Ermənistan sərhədlərinə müdaxilə” kimi əsassız iddiaların Azərbaycana qarşı hücum üçün vasitə olmasına imkan verilmədi".

Son xəbərlər

Orphus sistemi