“Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində çoxlu məqamlara aydınlıq gətirməsi beynəlxalq və yerli ictimaiyyət tərəfindən müsbət qarşılandı”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa etməsi, paralel olaraq ölkə başçısının xarici mətbuata müsahibələr verməsi, ictimaiyyətə mütəmadi müraciətləri yeni informasiya strategiyasının ortaya qoyulduğunu sübut edən əsas məqamlardır.
“Ölkəmiz Vətən müharibəsində zəfər qazandıqdan sonra Prezidentimiz yeni informasiya strategiyasında fərqli yanaşmalar ortaya qoydu. Cənab İlham Əliyevin bu ilin əvvəlində xarici jurnalistlərin suallarına məntiqli və aydın cavab verməsi hər kəsin rəğbətini qazandı. Həmçinin, beyin mərkəzlərinin nümayəndələrinin də suallarını cavablandırması maraqlı məqamlardan biri idi.
Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə səfər edərkən yerində və lazımi mesajlar verir. Bu mesajlar da qarşı tərəfin, aidiyyəti şəxslərin nəticə çıxardaraq öz səhvlərini düzəltməsində, qonşularımızın baş verən prosesləri daha yaxşı dərk etməsində çox böyük rol oynayır. Yeni informasiya strategiyası çox müsbət qəbul edilir və dəstəklənir. Hesab edirəm ki, bu strategiya hazırda vacib olan informasiya müharibəsində bizi bu gün olduğu kimi gələcəkdə də qalib edəcək”.