"İllərdir ki, qardaşımın taleyi ilə bağlı bir xəbər gözləyirdik və nəhayət, 31 ildən sonra bir xəbər aldıq və gözümüz yollardan çəkildi".
Bunu “Report”un yerli bürosuna açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşən və Vətən müharibəsindən sonra basdırıldığı yer müəyyənləşdirilən Araz Rüstəmovun qardaşı Hacıbaba Rüstəmov deyib.
Onun sözlərinə görə, uzun illər sonra qardaşının taleyi ilə bağlı əldə olunan yeni xəbərlər ailəsini həm sevindirib, həm də kədərləndirib: “Anam övladının taleyindən xəbər gözləyə-gözləyə dörd ay əvvəl dünyasını dəyişdi. Qardaşımın köynəyini saxlamışdı. Vəsiyyət etmişdi ki, öləndə onu da qəbrinə qoyaq. Ona görə sevinirik ki, artıq qardaşımı yad etmək üçün ziyarət edəcəyimiz bir ünvan var".
H.Rüstəmov xatırladıb ki, hələ anası sağ ikən ondan DNT analizi üçün nümunə götürüblər: "Dövlətimizə təşəkkür edirəm. Artıq gözümüz yollardan yığıldı. Qardaşım 2 il Qazaxıstanda hərbi xidmətdə olub. 1992-ci ildə müharibəyə könüllü gedib. Şıxovda 3 ay təlim keçdikdən sonra Daşaltı əməliyyatında iştirak edib və elə orada itkin düşüb".
Xatırladaq ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.
1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb. 2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.
Şəhid avqustun 24-də Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.