Vətən müharibəsində şəhid olmuş baş leytenant İlqar Zeynalovun ad günü qeyd edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, bu münasibətlə şəhidin məzarı ziyarət edilib. Məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Anım tədbirində şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.
Qeyd edək ki, şəhid baş leytenant İlqar Zeynalov 1989-ci ilin bu günü Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində hərbi təhsil alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharbəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
İlqar Zeynalov oktyabrın 10-da Ağdərə istiqamətində qəhrəmancasına şəhid olub.
Ali Baş Komandan Prezident İlham Əliyevin fərmanı ilə şəhid baş leytenant Zeynalov İlqar Natiq oğlu döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid ailəli idi, özündən sonra üç övladı qalıb.