Cəlilabadda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Qarabağ
  • 01 noyabr, 2021
  • 10:17
Cəlilabadda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Hüseyn Qasımzadənin anım mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

H.Qasımzadənin şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü münasibətilə keçirilən anım mərasimində onun vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Bildirilib ki, H.Qasımzadə hələ məktəb yaşlarından Vətəninə, millətinə və xalqına bağlı bir insan olub.

Tədbirdə qeyd olunub ki, H.Qasımzadə peşəkar boksla məşğul olub və o, hələ uşaq yaşlarından idmana böyük maraq göstərib. Ona görə də bu məşğuliyyətini davam etdirib. Dəfələrlə respublika və zona birinciliklərinin qalibi olub.

H.Qasımzadə həmçinin məktəb yaşlarında idmanın yunan-Roma güləş növü ilə məşğul olub və bu idman növündə dəfələrlə uğurlar qazanıb, nailiyyətlər əldə edib. Daha sonra Hüseyn 2014-cü ildən idmana olan marağını kikboksinqlə davam etdirib. O, bu idman növü üzrə də keçirilən bir çox yarışlarda yeni-yeni uğurlara imza atıb.

Bildirilib ki, Hüseyn hələ uşaq yaşlarından həmyaşıdlarından fərqlənib. O, qorxmaz və mərd insan olub.

Tədbirdə çıxış edənlər söyləyiblər ki, uzun illər düşmən tapdağında olan Azərbaycan torpaqları Ali Baş Komandanın rəhbərliyi altında məhz Hüseyn Qasımzadə kimi vətənpərvər, cəsur, mərd və şücaətli hərbçilərin hesabına işğaldan azad olunub.

Şəhidin döyüş yoldaşlarının sözlərinə görə, Hüseyn Qasımzadə Vətən müharibəsində əsl şücaət və qəhrəmanlıq nümayiş etdirib.

Qeyd edək ki, Qasımzadə Hüseyn Həsənxan oğlu 2001-ci ilin iyulun 8-də Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub. O, 2019-cu ilin iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi vaxtda qüsursuz xidmətinə görə kiçik çavuş rütbəsinə layiq görülüb.

H.Qasımzadə Vətən müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib. Onun nəşi noyabrın 1-də torpağa tapşırılıb.

O, Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.