Çay üstündə qala - Kəlbəcər

Çay üstündə qala - Kəlbəcər Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır.
Qarabağ
25 Noyabr , 2020 13:33
Çay üstündə qala - Kəlbəcər

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün - noyabrın 25-də isə rayon işğaldan azad olundu.

“Report” bildirir ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb.

Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub.

Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda isə Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3 724 m) və Dəlidağda (3 616 m) yerləşir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.

Lex qalası
Lex qalası

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 35-40 metr arasındadır. Qalanın Lev çayı istiqamətində iki mağara aşkar olunmuşdur ki, bura ən qədim insan məskənləri hesab olunur. Lex qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır - Qaravul dağı. Qaravuldan isə başqa bir qala - Comərd qalası görünür. Lex qalası XIII–XIV yüzilliklərin abidəsidir.

Kəlbəcər dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi var onlar Gəncəsər və Xudavəng monastrlarıdır.

Gəncəsər monastrı (məbədi) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Vəngli kəndi uzun müddət Alban Xaçın Knyazlığının mərkəzi olub. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olub. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi - Gəncəsər monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. Gəncəsər kompleksinin xarici divarlarında da Alban patriarxiyası zamanı həkk olunmuş çoxsaylı qədim yazılar da interyerində olan yazılar kimi, erməni vandalizminə məruz qalıb.

Gəncəsər monastrı (məbədi)
Gəncəsər monastrı (məbədi)

Xudavəng monastrı (məbəd kompleksi) də dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Xudavəng və ya Dədəvəng monastrı Azərbaycan ərazisində ən böyük və gözəl monastırlardan biridir. Artıq b.e. ilk əsrlərində burada kiçik kilsə yaranmış, onun yerində isə sonralar – ilk orta əsrlərdə monastırın ən qədim tikililərindən biri olan birnefli bazilika ucaldılıb. Arxeoloji tədqiqatlar göstərir ki, monastrın əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə də Qarabağın dağlıq hissəsində yaranmış Alban Xaçın Knyazlığının dini mərkəzi olmaqda davam edib. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın (Vaxtanqın) ailəsi tərəfindən monastr yenilənib və orada əlavə tikililər inşa edilib. Həmçinin kompleksə sonradan əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də diqqətəlayiq memarlıq nümunələridir.

Xudavəng monastrı (məbəd kompleksi)
Xudavəng monastrı (məbəd kompleksi)

Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irsi nümunələri erməni kitablarında, “qədim erməni” mədəni irsi, tarixi Ermənistan və erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastrında da qanunsuz bərpa işləri başlanılıb. Bərpa adı altında saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam etdirilib.

Xudavəng monastrı Azərbaycan ərazisində vaxtilə mövcud olan Qafqaz Albaniyası dövlətinin gücündən və alban memarlığının zənginliyindən xəbər verir.

Son xəbərlər

Orphus sistemi