“Separatçı rejim Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərdən siyasi məqsədlər üçün girov kimi istifadə edib”.
Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bu gün artıq aydındır ki, Qarabağ erməniləri həm özlərinin, həm erməni “liderlər”i, həm də münaqişəni sülhdən üstün tutan Ermənistanın ekstremist siyasi müxalifəti tərəfindən siyasi girov kimi istifadə edilib.
“Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etdikdən və Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması ilə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması məsələsində ən son maneə aradan qaldırılıb”, - o vurğulayıb.
M.Brayza əlavə edib ki, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycanın təhlükəsizliyinə yaratdığı təhdid faktiki olaraq yoxdur.
Sabiq səfir qeyd edib ki, əgər proseslər bu istiqamətdə davam edərsə, tezliklə sülh sazişinin imzalanması istiqamətində real irəliləyiş müşahidə olunacaq.