Xətai Rayon İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Xətai RİH başçısı Rafiq Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev, təltif olunan şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən R.Quliyev və Z.Abdullayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıb. Qeyd edilib ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. Daha sonra çıxışçılar təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salıb və onların qəhrəmanlıqlarından söz açılıb.
R.Quliyev xatırladıb ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
O bildirib ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanılıb.
Daha sonra mərasimdə Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı ailəsinə təqdim edilib.
Tədbirdə kapitan Həsənov Ceyhun Aydın oğlunun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı onun ailəsinə verilib.
Bundan əlavə, kapitan Şikarov Nəcəf Şikar oğlu və baş leytenant Abbaslı Arif Firuz oğlunun təltif olunduqları “Qarabağ” ordenləri onların ailəsinə təqdim olunub.
Eyni zamanda, əsgər Quliyev Barat Nizami oğlunun təltif olunduğu "Vətən uğrunda" medalı ailəsinə verilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub.
İ.Mirzəyev ötən ilin iyulun 14-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən ön xəttdə şəhid olub. Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
2020-ci ilin dekabrın 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla polkovnik İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ceyhun Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. O, 2001–2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2004–2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov Vətən müharibəsində şəhid olub. Onun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncama əsasən Ceyhun Həsənova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O həmçinin dövlət başçısının sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Nəcəf Şikar oğlu Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. O, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun kapitanı olan N.Şikarov Vətən müharibəsində şəhid olub. Onun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncama əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edilib. Bundan əlavə, o "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. N.Şikarov daha əvvəllər isə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə və III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunub.
Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. O, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə, 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun baş leytenantı A.Abbaslı Vətən müharibəsində şəhid olub. Onun nəşi İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncama əsasən Arif Abbaslı "Qarabağ" ordeni ilə təltif edilib. Bundan əlavə, o "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Barat Quliyev Nizami oğlu 1991-ci ilin dekabrın 22-də Beyləqan şəhərində anadan olub. O, 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarda xidmət etməyə başlayıb. O, Vətən müharibəsində şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.