“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində biomüxtəlifliyin qorunması və bərpa olunması istiqamətində işlər davam etdirilir”.
Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Elşad Allahverdiyev deyib.
O bildirib ki, ilk olaraq Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına başlanılıb: “Belə ki, ərazidə flora və faunanın monitorinqi aparılır. Qoruq ərazisində olan heyvanları izləmək üçün gizli müşahidə kameralar quraşdırılıb. Eyni zamanda xüsusi mühafizə olunan təbiət qoruğu ərazilərində - Daşaltı, Qaragöl, Arazboyu və digər qoruqlarda da bərpa işləri aparılacaq”.
Xidmət rəsmisi xatırladıb ki, bu gün Ağdamdakı Xaçınçay su anbarına ikinci balıq buraxılışı gerçəkləşib: “Ötən il suya buraxılan 200 minə yaxın balıq növlərinin monitorinqi aparılıb və yaxşı nəticələr var. Belə ki, həmin balıqlar artıq böyüyüb. Bu da populyasiya dinamikasının stabilliyini göstərir. Bundan əvvəl isə Bəsitçay və Həkəri, eyni zamanda Suqovuşana da balıq körpələri buraxmışıq. Balıq körpələrinin növ tərkibinə gəlincə, bu, su hövzəsinin populyasiyasından asılı olaraq bu dəyişir”.