Bərdədə 4 800 şəhidin paltarlarının və şəxsi əşyalarının basdırıldığı yer - FOTO

Bərdədə 4 800 şəhidin paltarlarının və şəxsi əşyalarının basdırıldığı yer - FOTO Bərdədə şəhid ailələrinin dəstəyilə, 1991-1994 cü illərdə I Qarabağ müharibəsində şəhid olan 4 800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb.
Qarabağ
27 Yanvar , 2022 16:23
Bərdədə 4 800 şəhidin paltarlarının və şəxsi əşyalarının basdırıldığı yer - FOTO

Bərdədə şəhid ailələrinin dəstəyilə, 1991-1994-cü illərdə I Qarabağ müharibəsində şəhid olan 4 800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb.

Şəhidlərin yuyulması və kəfənlənməsi işlərində iştirak edən axund Ramazan Hüseynov "Report"un Qarabağ bürosuna bildirib ki, şəhidlərin üzərindən çıxarılan qanlı paltarları və şəxsi əşyaları rayon sakinləri ilə birlikdə basdırıblar:

“Biz şəhidlərin meyitlərini yuyub, kəfənlədikdən sonra onların qanlı hərbi paltarlarını və şəxsi əşyalarını rayon sakinləri ilə birlikdə burada basdırdıq. 27-28 ildən sonra şəhidlərin qanlı libaslarının basdırıldığı yer onların ailə üzvlərinin dəstəyi ilə bu gün abadlaşdırılaraq ruhları yad edildi".

Şəhidlərin üzərindən çıxarılan paltarların və şəxsi əşyaların basdırıldığı yerin abadlaşdırılmasında iştirak edən Bərdə şəhər sakini Nərgiz Cəfərova "Report"un yerli bürosuna bildirib ki, onun iki qardaşı I Qarabağ müharibəsində şəhid olub: "Mən sonradan bilmişəm ki, I Qarabağ müharibəsində şəhid olan qardaşlarım Mahir və Tahirin üzərindən qanlı hərbi geyimləri çıxarılaraq burada basdırılıb. Buranın abadlaşdırılmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

Şəhidlərin üzərindən çıxarılan paltarların və şəxsi əşyaların basdırıldığı yer məlum olduqdan sonra Vətən müharibəsi şəhidi Turqut Zeynalovun atası Fikrət Zeynalovun təşəbbüsü ilə həmin yerdə şəhidlərin xatirəsinə abidə ucaldılıb: "Şəhidimizin bu müqəddəs zirvəyə ucalan zaman üzərində olan geyimləri və başqa əşyaları da onların ruhu qədər müqəddəsdir. Şəhidlərin üzərində olan geyimləri və digər əşyaları burada basdırılıb. Biz bu ərazini abadlaşdırıb şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə qoymuşuq və buranı müqəddəsləşdirmişik. Ona görə müqəddəsləşdirmişik ki, gələcək nəsillərə örnək olsun. Vətən uğrunda canından keçən oğullarımızın şəhidlik kimi ali bir məqama ucaldığını və heç vaxt unudulmadığını bir daha gənc nəsilin diqqətinə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur".

Qeyd edək ki, şəhidlərin üzərindən çıxarılan geyimləri və şəxsi əşyalarının basdırıldığı ərazi abadlaşdırıldıqdan sonra burada ağaclar əkilib, ətrafına qırmızı lent çəkilib və çınqıl tökülüb. Bundan başqa, burada şəhidlərin xatirəsinə abidə kompleksinin tikilməsinə də qərar verilib.

Son xəbərlər

Orphus sistemi