Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələrinə tab gətirməyərək silah-sursatlarını da döyüş meydanında ataraq qaçan erməni silahlıları Bərdə, Gəncə və Tərtər şəhərlərində mülki əhalini hədəfə aldılar.
Bərdəyə raket komplekslər və artilleriya qurğularından atılan mərmilərin partlaması nəticəsində şəhər ərazisində biri qadın olmaqla iki nəfərin ölümünə səbəb oldu.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, Bərdədə erməni terroru zamanı şəhid olan mülki şəxslərdən biri Cavid Əli oğlu Rüstəmovdur.
Mərhumun həyat yoldaşı Rüxsarə Ağayeva deyir ki, hadisədən öncə 3 dəfə onunla telefon əlaqəsi saxlayıb.
İndi Cavidin ailəsi onun yoxluğuna çətin alışsa da, mətin olduqlarını deyirlər. Bildirirlər ki, bu gün torpaqlarımızın işğaldan azad edilməsi Cavidin qanının yerdə qalmaması deməkdir.
Qeyd edək ki, 5 oktyabr 2020-ci ildə erməni silahlı birləşmələrinin Bərdədə törətdikləri terror hadisəsi zamanı 2 nəfər mülki şəxs həlak olub.
Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan mülki şəxslərə şəhid statusu verilib.