Bakı. 27 iyun. REPORT.AZ/ “İlk növbədə, məni Polşaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən dost Polşa torpağında olmağımdan çox məmnunam.
Bu saraya daxil olarkən mənim dostum, Azərbaycanın dostu Prezident Kaçinskini xatırladım. Onun faciəvi ölümü dostlarını da sarsıtmışdır. Onun xatirəsi dostlarının qəlbində bu gün də yaşayır. Siz də onun silahdaşı kimi, bu gün dost Polşaya rəhbərlik edirsiniz.
Biz bu gün yenidən Polşa-Azərbaycan əlaqələrinin inkişafına təkan veririk. Prezident Kaçinskinin dövründə mənim Polşaya, onun Azərbaycana çoxsaylı səfərləri olmuşdur. Bu səfərlər zamanı biz dostluğumuzu möhkəmləndirirdik, birgə layihələr haqqında danışırdıq, bəzi layihələrə start verirdik. İndi isə Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Duda ilə mətbuata bəyanatında deyib.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz bir çox məsələlər ətrafında səmimi fikir mübadiləsi aparılıb: “Bir daha gördük ki, Polşa və Azərbaycan iki dost ölkədir. Biz dostluğu bundan sonra da gücləndirəcəyik və əlaqələrimizin inkişafı üçün birgə səylər göstərəcəyik.
Prezident qeyd etdiyi kimi, bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur ki, əziyyət çəkir. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu tezislər Birgə Bəyannamədə öz əksini tapmışdır.
Biz bu gün beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz haqqında da danışmışıq. Fürsətdən istifadə edərək, bir daha Polşanı böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Dünya birliyinin mütləq əksəriyyəti - 200-ə yaxın ölkə Polşanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir. Bu, ölkənizə və apardığınız siyasətə verilən böyük dəstəkdir. Bu dəstəyi Siz öz fəaliyyətinizlə, siyasətinizlə qazanmısınız”.
Dövlət başçısı deyib ki, Polşa sürətlə inkişaf edir: “Polşa beynəlxalq arenada çox möhkəm mövqelərə malikdir. Polşa beynəlxalq arenada özünü prinsipial və ləyaqətli aparır. Hesab edirəm ki, bu amillər də belə böyük dəstəyə səbəb olmuşdur. Mən şadam ki, təxminən 200 ölkənin arasında Azərbaycanın səsi də olubdur. Bu gün biz razılaşdıq ki, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizi dəstəkləyəcəyik.
Qarşılıqlı əlaqələr təbii ki, iqtisadi sahəni əhatə edir. Biz razılaşdıq ki, indiki ticarət dövriyyəsi bizi qane edə bilməz. Ümid edirəm ki, bu gün keçiriləcək biznes forum və onun nəticələri ticarət əlaqələrimizin inkişafına xidmət göstərəcək. Artıq bu gün bir neçə konkret məsələlər ətrafında söhbət aparılmışdır.
Nəqliyyat və energetika. Hesab edirəm ki, bunlar iqtisadi bloka aid əsas istiqamətlər olmalıdır. Energetika sahəsində. Azərbaycan nefti Polşa bazarlarına çatdırılır. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəhəng layihə olan “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu layihə Azərbaycan qazını Avropa məkanına çıxaracaq. Layihənin ümumi dəyəri 40 milyard dollardır və icrası da uğurla davam etdirilir. Ümid edirəm ki, bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. Beləliklə, Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcək. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək. Əlbəttə ki, energetika sektorunda digər istiqamətlər üzrə də yaxşı perspektivlər var. Əminəm ki, biz bundan istifadə edəcəyik.
Nəqliyyat sahəsinə gəldikdə Prezident Duda da qeyd etdi, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bizim ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb. Dəniz limanları, dəmir yolları, aeroportlar, avtomobil yolları və eyni zamanda, artıq regional əməkdaşlıq formatı da yaradılıb. İndi bizim vəzifəmiz ondan ibarətdir ki, bu əməkdaşlığı dərinləşdirək, Avropa ölkələrini də bu əməkdaşlığa cəlb edək. Bu yaxınlarda Bakıda dəmir yolları rəhbərlərinin keçirdikləri görüş deməyə əsas verir ki, artıq geniş beynəlxalq əməkdaşlıq formatı yaranır. Şadam ki, Polşa tərəfi də bu formatda iştirak edir. Bu, bizim qarşımızda çox böyük perspektivlər açır. Əminəm ki, bu istiqamətdə aparılacaq əlaqələndirmə işləri və birgə səylər tezliklə yaxşı nəticələrə gətirib çıxaracaq, bütün iştirakçı ölkələr bundan faydalanacaq.
Çıxışımın sonunda mən əlaqələrimizin humanitar aspektinə də toxunmaq istərdim. Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni, tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir. Humanitar sahədə, mədəniyyət, turizm sahələrində də çox yaxşı perspektivlər var. Bugünkü səfərim bizim dostluğumuzu bir daha təsdiqləyir.
Prezident qeyd etdiyi kimi, mən cənab Dudanı Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Əminəm ki, o, dəvəti qəbul edəcək və biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.