“Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır”.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib.
“Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”, - deyə İlham Əliyev əlavə edib.