Azad edilmiş rayonların bir neçə kəndinin şəhərsalma əsaslandırılmaları hazırlanır.
"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində işlər davam etdirilərək Nazirlər Kabinetinin müvafiq qərarları ilə işğaldan azad edilmiş ərazilərin Ümumi planı və Ağdam şəhərinin Baş planı təsdiq edilib, Füzuli şəhərinin Baş plan layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması yekunlaşmaq üzrədir.
Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlı şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işlər davam etdirilir.
Eyni zamanda, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi, Füzuli rayonunun Pirəhmədli və Dədəli kəndləri, Kəlbəcər rayonunun Zallar, Yanşaq və Zar kəndləri, Cəbrayıl rayonunun Xudafərin qəsəbəsi və Şükürbəyli, Horovlu kəndləri, Qubadlı rayonunun Mahruzlu, Zilanlı və Xanlıq kəndləri, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri, Laçın rayonunun Qorçu, Gülǝbird və Şəlvə kəndləri və Zəngilan rayonunun Cahangirbəyli və Məmmədbəyli kəndlərinin şəhərsalma əsaslandırılmalarının hazırlanması üzrə işlər yekun mərhələdədir.