"Minalarla çirklənmə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesinə mane olur və keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıtmasını çətinləşdirir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə həyatı bərpa etməyə çalışdığını qeyd edən Prezidentin xüsusi nümayəndəsi agentliyin bu istiqamətdə həyata keçirdiyi yeni layihələri yüksək qiymətləndirib.
Aydın Kərimov İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsinin rəmzi məna kəsb etdiyini və ilk minatəmizləmə əməliyyatlarına da məhz Şuşada başlanıldığını vurğulayıb.
Prezidentin xüsusi nümayəndəsi hazırda Şuşada aparılan bərpa işlərinin gedişindən danışıb, bu şəhərin hər bir azərbaycanlı üçün xüsusi önəminin olduğunu bildirib.