Bakı. 10 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tariximizin qanlı səhifələrindən olan bu soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirməyi planlaşdırır.
"Report" AzərTAc-a istinadla xəbər verir ki, Cəmiyyətin təşkilatçılığı ilə Lüksemburqda Aleksandras A.Brokasın “Sonu görünməyən dəhliz “sənədli filmi nümayiş etdiriləcək və “Xocalı: müharibə cinayətinin ifadəsi. Ermənistan mütəhhim kürsüsündə” kitabının təqdimatı keçiriləcək.
Tədbirlərin davamı olaraq, Strasburqda və Parisdə isə fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş xocalılıların xatirəsinə həsr olunan konsert təşkil ediləcək.