Bakı. 18 aprel. REPORT.AZ/ "Azərbaycana qarşı təxribatın vaxtı təsadüfən seçilməmişdi. Qərb Azərbaycana yaxınlaşmağa başlayan kimi bizə qarşı təxribat həyata keçirildi".
"Report" xəbər verir ki, bunu AŞPA-nın yaz sessiyasında Azərbaycanın bu qurumdakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
Azərbaycanlı deputat əlavə edib ki, təcavüzkarın nazı ilə oynanılacağı təqdirdə, bu, yaxşı nəticə verməyəcək və faciəyə səbəb olacaq.
S.Seyidov AŞPA-nın yanvarda keçirilmiş əvvəlki sessiyasında Dağlıq Qarabağla bağlı hesabatın qəbul edilməməsindən təəssüfləndiyini bildirib: "Bu hesabatın qəbul edilməməsi erməni işğalçıları üçün yol açdı".
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri çıxışı zamanı Azərbaycanın sülh tərəfdarı olduğunu deyib: "Ermənilər Qarabağda etnik təmizləmə həyata keçiriblər. İndi orada və Ermənistanda heç bir azərbaycanlı yaşamır. Hərçənd Azərbaycanda 30 min erməni yaşayır. Biz Qarabağ ermənilərinin və oradan qovulmuş azərbaycanlıların görüşüb, ziddiyyətləri aradan qaldırmasını təklif edirik".