"Bu gündən etibarən işğaldan azad olunan ərazilərin minalardan kütləvi təmizlənilməsinə başlanılıb".
“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu ANAMA-nın nümayəndəsi Mədət Məmmədov Füzuli rayonunda jurnalistlərə açıqlamasında deyib.
M.Məmmədov əlavə edib ki, bu günə qədər isə işğaldan azad olunan ərazilərdə yalnız rabitə, kommunikasiya, avtomobil və dəmiryol xəttlərinin keçdiyi ərazilərdə minadan təmizlənməsı işləri aparılırdı:
“İşğaldan azad olunan bütün ərazilər düşmən tərəfindən mina ilə çirkləndirilib. Ermənilər minalanmış ərazilərin xəritələrini təqdim etmədikləri üçün ərazidə vəziyyət olduqca çətin və təhlükəlidir. Minalanmış ərazilərin xəritəsinin ermənilərdən alınması istiqamətində beynəlxalq səviyyədə danışıqlar aparılır və müvafiq işlər görülür. Hazırda ərazilərin minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir” - o qeyd edib.
ANAMA-nın nümayəndəsi onu da qeyd edib ki, minalardan təmizlənməmiş ərazilərə mülki şəxslərin müvafiq icazə sənədini və təlimatlar almadan daxil olmaları minaların təmizlənməsi istiqamətində görülən işlərə mənfi təsir göstərir.