“Ali Baş Komandan və Ordumuz mənə kainatın ən böyük hədiyyəsini verdi”

“Ali Baş Komandan və Ordumuz mənə kainatın ən böyük hədiyyəsini verdi” Bu günlərdə xalqımız möhtəşəm tarixin sevincini yaşayır.
Qarabağ
4325
27 Oktyabr , 2020 11:50
“Ali Baş Komandan və Ordumuz mənə kainatın ən böyük hədiyyəsini verdi”

Bu günlərdə xalqımız möhtəşəm tarixin sevincini yaşayır. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan dədə-baba torpaqlarımızın azad olunması istiqamətində şanlı qələbələr qazanır. Budur, artıq doğulduğum Qubadlı şəhəri də işğaldan azad edildi. İki gün öncə – oktyabrın 25-də, məhz anadan olduğum tarixdə doğma şəhərimin düşmən tapdağından xilas edilməsi ilə mərd Ali Baş Komandanım və Şanlı Ordumuz mənə kainatın ən böyük hədiyyəsini verdi.

“Report” xəbər verir ki, bunu doğulduğu torpağının işğaldan azad olunan Qubadlı şəhər sakini Elməddin Quliyev yazır.

Hazırda Dövlət Statistika Komitəsinin mətbuat katibi kimi çalışan Elməddin Quliyev qeyd edir ki, bütün tanıdıqları sevincini bölüşmək üçün onu təbrik edir:

“Hamı məni təbrik edir, gözaydınlığı verir. Əslində, yaşadığım bu qürurverci anları sözlə ifadə etməyə çətinlik çəkirəm. Çünki ata-babamın yaşadığı, ulularımın uyuduğu torpaqda mən elə 9 yaşımda qalmışam. Doğma Qubadlımı kiçik yaşlarımda məcburən tərk edəndə uşaqlıq və gənclik arzularım, xəyallarım elə bil o müqəddəs torpaqda qaldı... İnanın ki, bu günə kimi heç vaxt doğum günümdə bu qədər sevinməmişdim.

Mən bu münasibətlə öz həmvətənlərimə səslənərək deyirəm ki, gözünüz aydın, ay qubadlılılar, artıq məcburi köçkün damğasından da qurtulduq. İnşallah, tezliklə Qubadlıda görüşmək ümidilə...

Elməddin Quliyev
Elməddin Quliyev

Son olaraq onu da qeyd etmək istəyirəm ki, bu gün “Torpaq - uğrunda ölən varsa, Vətəndir” şuarı altında hər kəs Vətən müharibəsində iştirak etməyi, lazım gələrsə şəhid olmağı özünə şərəf hesab edir. Bizim gözlərimiz əbədi və əzəli Qarabağdadır, rəşadətli ordumuzun cəbhədəki yeni-yeni uğurlarını səbirsizliklə gözləyirik. Və mən əminəm ki, qısa zamanda Ali Baş Komandanımızın “twitter” səhifəsində Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğaldan azad olduğu haqqında müjdələr elan olunacaq, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunacaq.

Yaşasın qüdrətli Azərbaycan! Qarabağ Azərbaycandır!”

Son xəbərlər

Orphus sistemi