İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikinti işləri aparılır.
"Report"un əməkdaşı İsmayıl Nəsibli mayın 31-də Prezidentin izi ilə Ağdam şəhərinə səfər edib, yeni təməli qoyulan avtomobil yolu ilə yaxından tanış olub.
Otuz ilə yaxın düşmən taptağı altında qalan ərazilər hazırda minalardan təmizlənir. Təmizlənmiş yerlərdə yeni yol salınır. Məhv edilmiş ərazilər, dağıdılmış yaşayış evlərinin qalıqları arasından yeni çəkilən yolun uzunluğu 44,5 kilometrdir.
Yolun başlanğıcı Bərdə şəhərindən götürülür. Avtomobil yolunun 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək. Yol 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda bu yolun 14-21 və 35-41-ci km-lik arasında olan hissələrində tikinti işləri uğurla həyata keçirilir və burada torpaq işləri görülür. Tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib və xüsusi texnikalardan istifadə olunur.
Burada avtomobil yolunun profilə salınması və birinci texniki dərəcəyə uyğun ərazilərdən asılı olaraq 18,5, 21,5 və 26,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfər edən zaman yolun təməlqoyma mərasimində iştirak edib.
Xatırladaq ki, bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfərini Medianın İnkişafı Agentliyi (MEDİA) təşkil edib.
Video: Vüqar Xanlarov
Montaj: Rəvan Novruzov