"Bu vandalizm aktı Rusiya sülhməramlılarını belə dəhşətə gətirdi"

"Bu vandalizm aktı Rusiya sülhməramlılarını belə dəhşətə gətirdi" “Ermənistan hərbi-siyasi dairələrinin illərdir davam edən və məzmununda heç bir dəyişiklik etmədiyi siyasi “dünyagörüşü” 44 günlük müharibə çərçivəsində bir daha bariz şəkildə özünü göstərdi.
Qarabağ
16 Noyabr , 2020 14:54
Bu vandalizm aktı Rusiya sülhməramlılarını belə dəhşətə gətirdi

“Ermənistan hərbi-siyasi dairələrinin illərdir davam edən və məzmununda heç bir dəyişiklik etmədiyi siyasi “dünyagörüşü” 44 günlük müharibə çərçivəsində bir daha bariz şəkildə özünü göstərdi. Ermənistandan fərqli olaraq Azərbaycanın ənənələrə və təcrübələrə əsaslanan humanizm meyarları, aman diləyən, vaxt istəyən düşmənin bu baxımdan xahişinin nəzərə alınması ölkəmizin, dövlət başçısı İlham Əliyevin siyasi iradə və humanizm özəlliyini yenidən nümayiş etdirdi. Üçtərəfli bəyanat və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi ölkəmizin növbəti uğuru kimi qiymətləndirilməklə yanaşı, öz növbəsində Ermənistan rəhbərliyinin mənəvi çöküşü, siyasi iradəsinin sındırılması və illərdir öz xalqına və dünyaya təqdim etdiyi “yenilməz ordu” mifinin darmadağın edilməsi ilə nəticələndi”

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı üçtərəfli bəyanata əsasən, erməni işğalçı qüvvələri Kəlbəcər rayonunun ərazisini noyabr ayının 15-dək boşaltmalı idi:

"Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün Rusiya vasitəsilə əlavə 10 gün də vaxt istədi. Ölkəmiz bəyanatın rəsmi maddələrini əsas gətirərək, bu xahişi qəbul etməyə də bilərdi. Ancaq Azərbaycan öz humanist xarakterini bir daha nümayiş etdirərək, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti noyabrın 25-dək uzatdı. Halbuki Kəlbəcər rayonunda qanunsuz məskunlaşmış erməni əhalisi öz xislətinə, xəstə təfəkkürünə və izaholunmaz hərəkətlərinə sadiq qalaraq, evlərinin qapı-pəncərəsinə, hətta dam örtüyünə kimi, əlinə keçəni söküb özü ilə aparmaq və eyni zamanda ekoloji terror törədərək ətraf meşələri yandırmaqla, humanistlik nümayiş etdirən Azərbaycana qarşı, antihumanist, anti-insani davranış sərgiləyir. Hətta Rusiya sülhməramlılarını belə dəhşətə gətirən bu vandalizm aktı ermənilər tərəfindən davam etdirilir, xarici KİV-lər tərəfindən dünyaya barbarlıq nümunəsi kimi çatdırlır".

Deputat bildirib ki, Kəlbəcər rayonunun ümumi ərazisini, böyüklüyünü, Kəlbəcər-Zod-Basarkeçər yolunun yük və sərnişin daşıma potensialını, relyefin mürəkkəbliyini, eyni zamanda kəskin iqlim şəraitini nəzərə alaraq, özünün humanist yanaşmasını və mövqeyini bir daha nümayiş etdirərək əlavə 10 gün vaxt verib:

"Həmçinin, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcbur olduğuna görə, Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyinə görə, tıxaclar, ləngimələr müşahidə olunduğuna görə belə bir qərar qəbul edilib.

Bəs Ermənistan 1993-cü ildə azərbaycanlı mülki əhalinin öz ata-baba torpaqlarını tərk etməsi üçün hansı şəraiti yaratmışdı? Buna şəraitdən daha çox, şəraitsizlik desək, daha dəqiq olar. Ayaqyalın, özü ilə heç nə aparmaq imkanı olmayan, hər saniyə erməni gülləsinə tuş gəlmə ehtimalı ilə Kəlbəcəri tərk edən, üstəlik sadalananlardan ən alisi olan - öz doğma yurdunu məcburi tərk etməyin verdiyi iztirablar və bir də bu gün bütün yaşananlara rəğmən öz insanlıq mövqeyini qoruyan, humanistlik göstərən Azərbaycan. “10 saata qarşı dayanan humanist 10 gün” budur. Elə Ermənistanla Azərbaycanı, erməni əhalisi ilə Azərbaycan xalqını və təfəkkürünü fərqləndirən də budur. Bu gün iki tərəf var: qalibiyyət yaşayan Şanlı Azərbaycan və olmayan mövqeyi sarsılmış, xaos içərisində olan Ermənistan".

Son xəbərlər

Orphus sistemi