Yuxarı

MOK rəsmisi Rio-2016-da Azərbaycan idmançılarının təhlükəsizliyinin qorunmasına aydınlıq gətirib

Çingiz Hüseynzadə: Tövsiyə edirik ki, idmançılarımız olimpiya kəndindən kənara çıxmasınlar

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın təhlükəsizliyinin hansı səviyyədə qorunacağı məsələsinə aydınlıq gətirib.

“Report”un məlumatına görə, MOK-un vitse-prezidenti “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib ki, idmançılar olimpiya kəndində yaşayırlar: "Təbii ki, həmin yer tamamilə təhlükəsiz olur. Yəni ora dövlət tərəfindən qorunur. Tövsiyə edirik ki, idmançılarımız oradan kənara çıxmasınlar. Məsləhət görülən yerlərə getsinlər. İdmançılar yarış başa çatdıqdan sonra şəhərlə tanış olmaq istəyirlər. Çalışacağıq ki, təhlükəsizlik məsələsi yüksək səviyyədə həll olunsun”. 

Onun sözlərinə görə, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza veriləcək pul mükafatı dövlət tərəfindən ödəniləcək. Olimpiya Oyunlarında dövlətdən əlavə, Milli Olimpiya Komitəsi də idmançılara pul mükafatı ayırır.

O bildirib ki, hər bir məşqçi idmançının aldığı mükafatın 50 faizi məbləğində mükafat alacaq: “Federasiyalar da idmançıları mükafatlandırır. Bu, onların daxili məsələsidir və məbləği elan etməyə məcbur deyillər. Əvvəlki təcrübə göstərir ki, bəzi hallarda müəyyən biznes qurumları da idmançıları mükafatlandırıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi