Yuxarı

Azərbaycan yığması olimpiadalar tarixində medal sayında rekorda imza atıb

Bu, kayakçı Valentin Demyanenkonun Rio-2016da gümüş medal qazanması ilə reallaşıb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan olimpiya yığması "London-2012"dəki nəticəsini təkrarlayıb. 

"Report"un məlumatına görə, bu, kayakçı Valentin Demyanenkonun "Rio-2016" Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə gümüş medal qazanması ilə reallaşıb. 

Nəticədə Azərbaycan Braziliyadakı yarışda İngiltərə paytaxtında olduğu kimi, artıq 10 medal sayına malikdir. Bu isə olimpiadalar tarixində Azərbaycanın ən yüksək göstəricisidir. 

"Rio-2016"da mükafatçılar cüdoda Rüstəm Orucovla (73 kq, gümüş) Elmar Qasımov (100 kq, gümüş), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq, bürünc) Sabah Şəriəti (130 kq, bürünc) və sərbəstdə Mariya Stadniklə (48 kq, gümüş), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə, bürünc), taekvondoçu Patimat Abakarova (49 kq, bürünc) olub. Boksçular Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayor yarımfinala çıxmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər. Sadəcə, onların medallarının əyarı yarışın sonunda bilinəcək və onda ölkəmizin aktivinə mükafat yazılacaq. 

"London-2012" ilə müqayisədə əsas fərq qızıl medalın olmamasıdır. Azərbaycan həmin olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanmışdı. Bu dəfə isə aktivə yazılan 8 medaldan yarısı gümüş, yarısı bürüncdür. Düzdür, onu da nəzərə alaq ki, 4 il öncəki olimpiadada da sona az qalmış çempionumuz yox idi və bir gündə ikisi birdən oldu. Onlar sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifovdur ki, "Ri-2016"da hələlik mübarizəyə başlamayıblar. 

Qeyd edək ki, Azərbaycan kanoe sprintdə (kayak və kanoe) ilk medalını məhz "Rio-2016"da qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi