Duşan Kozarev: Belqrad-Bakı əməkdaşlığı Serbiyadakı seçkilərdən sonra da inkişaf edəcək - müsahibə

Müsahibə
  • 12 oktyabr, 2026
  • 15:01
Duşan Kozarev: Belqrad-Bakı əməkdaşlığı Serbiyadakı seçkilərdən sonra da inkişaf edəcək - müsahibə

Serbiya və Azərbaycan arasında münasibətlər ildən-ilə dinamik şəkildə inkişaf edir. Energetika, o cümlədən təbii qaz tədarükü və yeni enerji layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığın genişlənməsi, Belqrad və Bakı arasında birbaşa hava əlaqəsinin açılması, eləcə də fəal siyasi dialoq bu dinamikanı bariz şəkildə nümayiş etdirir.

Serbiya Xarici İşlər Nazirliyinin baş katibi Duşan Kozarev "Report"a müsahibəsində ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, 2027-ci il üçün planlar, qarşıdan gələn səfərlər və XİN-lərarası məsləhətləşmələr, enerji əməkdaşlığı və qarşılıqlı fəaliyyətin yeni istiqamətləri barədə danışıb.

- Serbiya-Azərbaycan münasibətlərinin mövcud səviyyəsini və iki ölkənin Xarici İşlər nazirlikləri arasındakı qarşılıqlı əlaqəni necə qiymətləndirirsiniz?

- Serbiya və Azərbaycan dost və qardaş ölkələrdir. Xüsusilə də prezidentlər İlham Əliyev və eks-prezident Aleksandar Vuçiç (sentyabrın 27-də istefa verib - red) arasında çox yaxın dostluq münasibətləri mövcuddur. Bu, nazirliklərimiz arasındakı ikitərəfli əməkdaşlığın dinamikasına da təsir göstərir.

Xarici işlər nazirlərimiz Marko Curiç və Ceyhun Bayramov bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Bundan başqa, Ceyhun Bayramov Serbiya XİN-in artıq ənənəvi xarakter alan birinci səfirlər konfransında iştirak edib.

Münasibətlərimizin və əməkdaşlığımızın əsas istiqamətlərinə gəldikdə, ilk növbədə, söhbət energetika və iqtisadi əlaqələrdən, eləcə də müdafiə, kəşfiyyat, təhlükəsizlik və yüksək texnologiyalar kimi strateji sahələrdən gedir.

Ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulmasını nəzərə alaraq, bu istiqamətlərdə əməkdaşlığı maksimum dərəcədə inkişaf etdirməyə çalışırıq. Deyə bilərəm ki, Serbiya və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir.

- Serbiya XİN-in 2027-ci ildə Azərbaycanla münasibətlərin inkişafına dair planları nədən ibarətdir? XİN-lər arasında yeni sənədlərin və ya əməkdaşlıq proqramlarının imzalanması planlaşdırılırmı?

- Hazırda Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş konfransda iştirak edirik. Bu, gələcəkdə üzərində işləməyi planlaşdırdığımız istiqamətlərdən biridir. Serbiyanın məhkəmə-tibbi ekspertiza sahəsindəki təcrübəsini və ekspert biliklərini Azərbaycanla bölüşmək niyyətindəyik.

İtkin düşmüş şəxslərin axtarışında bir-birimizə kömək etmək məqsədilə bu sahədə Serbiya və Azərbaycan arasında birgə komissiyalar yaratmağı da planlaşdırırıq.

Bununla yanaşı, 2027-ci il üçün planlarımıza yüksək və ali səviyyələrdə ikitərəfli səfərlər daxildir.

- Planlaşdırılan səfərlər barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- Nazirlər səviyyəsində qarşılıqlı səfərlər mütləq baş tutacaq. Biz təbii qaz sahəsində tərəfdaşlığın gücləndirilməsi, o cümlədən Niş şəhərində yeni qaz elektrik stansiyasının inşası ilə bağlı mühüm istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyik. Bu layihə üzrə baş saziş bu yaxınlarda imzalanıb.

Biz həmçinin ənənəvi müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri də davam etdirəcəyik. Sonuncu raund Belqradda keçirilib, buna görə də növbəti görüş Bakıda baş tutmalıdır.

- Qarşıdan gələn səfərlərin təxmini tarixləri məlumdurmu?

Hələ ki konkret tarixlər yoxdur. Hazırda Serbiyada seçkiqabağı dövrdür: qarşıdakı üç həftə ərzində parlament, ilin sonunadək isə prezident seçkiləri keçirilməlidir.

Hesab edirəm ki, bu proseslər başa çatdıqdan sonra biz Azərbaycanla gələn il üçün ikitərəfli tədbirləri daha konkret şəkildə planlaşdıra, o cümlədən tarix və müddəti müəyyən edə biləcəyik.

Serbiya və Azərbaycan arasındakı münasibətlər seçkilərdən sonra da eyni templə inkişaf etməyə və ən yüksək səviyyədə qalmağa davam edəcək. Səfərlərin konkret tarixləri, formatları və iştirakçıların tərkibi qarşıdakı dövrdə daha da aydın olacaq.

- Serbiya və Azərbaycan arasında konsulluq əməkdaşlığı necə inkişaf edir? Yaxın gələcəkdə konsulluq məsləhətləşmələri planlaşdırılırmı?

- Bu sahədə də çox gözəl münasibətlərimiz var. Azərbaycan vətəndaşlarının Serbiyaya vizasız səyahət edə bilməsi ilə fəxr edirik və eyni hal Azərbaycana səfər edən Serbiya vətəndaşlarına da aiddir.

Bu yaxınlarda "Air Serbia" Belqrad və Bakı arasında müntəzəm reyslərə başlayıb. Nümayəndə heyətimiz Bakıya bu reyslə gəlib və onunla da geri qayıdacaq.

Birbaşa hava əlaqəsi ölkələrimiz arasında əməkdaşlığın intensivləşməsinə, o cümlədən vətəndaşların qarşılıqlı səfərlərinin sayının artmasına töhfə verəcək. Gələcəkdə iki paytaxt arasında hava əlaqəsinin intensivliyi və reyslərin tezliyi də arta bilər.

- Serbiyada qarşıdan gələn seçkilərin nəticələri hansı siyasi qüvvənin və ya namizədin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlərin səviyyəsinə təsir etməyəcək, elə deyilmi?

- Münasibətlərimizin yüksək səviyyəsini qorumağın ən yaxşı zəmanəti Aleksandar Vuçiçin siyasi kursunun davam etdirilməsi və onun özünün bundan sonra artıq Baş nazir qismində hakimiyyətdə qalmasıdır. Seçkilərdən sonra vəziyyətin dəyişəyəcəyini gözləmirəm. Ümumiyyətlə, serblər və azərbaycanlılar arasında o qədər yaxın və sıx dostluq əlaqələri mövcuddur ki, münasibətlərimizi heç nə poza bilməz.