Ukraynadan təxliyə olunan həkim: "Yaşadığımız ölkənin darmadağın edilməsi olduqca ağrılıdır"

Ukraynadan təxliyə olunan həkim: "Yaşadığımız ölkənin darmadağın edilməsi olduqca ağrılıdır" “Kiyev şəhərində, ümumiyyətlə Ukraynada baş verəcəklərdən xəbərsiz idik. 2022-ci ildə, xüsusən də bütün Ukraynanı bürüyəcək belə bir savaşın olacağını heç gözləmirdik”.
Multimedia
586
10 Mart , 2022 20:08
Ukraynadan təxliyə olunan həkim: Yaşadığımız ölkənin darmadağın edilməsi olduqca ağrılıdır

“Ukraynada bütün ölkəni bürüyəcək müharibənin olacağını heç gözləmirdik”.

Bunu “Report”a açıqlamasında Ukraynadan Bakıya təxliyə olunan azərbaycanlı həkim, Azərbaycan Diasporu Gənclər Təşkilatının üzvü Orxan Nəzəroğlu deyib.

Fevralın 24-ü müharibə xəbəri ilə oyandıqlarını bildirən O.Nəzəroğlu Ukraynadakı vəziyyəti Qarabağda, Suriyada və digər ölkələrdə yaşanmış dəhşətli müharibələrə bənzədib:

“Gözümüzü bomba və atışma səsləri ilə açdıq. Rus ordusu paytaxt Kiyevə qədər daxil oldu. Nə edəcəyimizi bilmirdik. Ölkə ərazisində fövqəladə vəziyyət elan edildi. Təsəvvür edin, bir anın içərisində marketlərdə böyük izdiham yaşandı. Gecə saatlarında atışmalar daha güclü olurdu, yaşadığım ev Kiyevin mərkəzində olduğundan həmin mənzərənin daha yaxından şahidi oldum. Evimin bir tərəfində "Julian" hava limanı, digər tərəfində isə Kiyevin mərkəzi dəmiryol vağzalı yerləşir. Eyni zamanda, yaxınlıqda hərbi baza da vardı. Ona görə də partlayan bombaların və atışmaların səsi rahatlıqla eşidilirdi”.

O.Nəzəroğlu 1 500 illlik tarixi olan şəhərin yerlə-yeksan olunmasının dəhşətli olduğunu bildirib: “İllərdir Ukraynada yaşayırıq, mən orada üz və çənə cərrahiyyəsində həkim kimi fəaliyyət göstərirdim. Daha doğrusu, həyatımızı artıq orada qurmuşduq. İndi yaşadığımız ölkənin darmadağın edilməsi bizim üçün sözün həqiqi mənasında ürəkağrısıdır”.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən indiyədək ümumilikdə, 5 000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Daha ətraflı videomaterialı təqdim edirik:

Video: Vüqar Xanlarov

Montaj: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi