Tıxaclı Bakı: çıxış yolu nədir? - VİDEOREPORTAJ

Tıxaclı Bakı: çıxış yolu nədir? - VİDEOREPORTAJ Son günlər paytaxtın küçə və prospektlərində, avtomobil nəqliyyatı yollarında ucu-bucağı görünməyən tıxaclar müşahidə olunur.
Multimedia
30 Sentyabr , 2021 19:30
Tıxaclı Bakı: çıxış yolu nədir? - VİDEOREPORTAJ

Son günlər paytaxtın küçə və prospektlərində, avtomobil nəqliyyatı yollarında ucu-bucağı görünməyən tıxaclar müşahidə olunur. Eyni zamanda təhsil müəssisələrində ənənəvi tədris bərpa olunduqdan sonra bu tıxaclar daha da artıb. Ekspertlərin fikrincə, müşahidə olunan yağışlı hava şəraiti də yollardakı tıxacların artmasına səbəb olur. Bəs bu tıxacların əsl yaranma səbəbi və bundan çıxış yolu nədir?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı "Report"a açıqlamasında deyib ki, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat sistemi düzgün idarə olunmur, buna görə də nəqliyyat axını və proqnozlaşdırılması demək olar yox səviyyəsindədir.

Elməddin Muradlı
Elməddin Muradlı

Onun sözlərinə görə, son günlər yağışların yağması və təhsil müəssisələrində ənənəvi tədrisin bərpası paytaxt yollarındakı vəziyyəti daha da acınacaqlı vəziyyətə gətirib: “Əvvəlcədən məlum idi ki, məktəblərin və universitetlərin açılması ilə hər zaman olduğu kimi paytaxta tələbələr axın edəcək. Təbii ki, bunların içərisində övladlarını təhsil müəssisəsinə aparan valideynlər də olur. Bu da öz növbəsində avtomobillərin sıxlığına və tıxaca əsas yaradır. Payız fəslində yağışların yağmasını da nəzərə alsaq, bu, olduqca acınacaqlı bir vəziyyətə gətirib çıxarır. Ona görə də bununla bağlı öncədən bir plan hazırlanmalı və tədbir görülməli idi”.

Ekspert bildirib ki, sözügedən problemlə bağlı məsələ köklü şəkildə həll olunmalıdır: “Yollarda hərəkətin təşkili və təhlükəsizliyi ayrı-ayrı qurumların əlində cəmləşib. Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər biri ayrılıqda hansısa bir iş görür. Hər biri özünəuyğun formada təkliflər irəli sürür və doğru etdiyini fikirləşir. Bu üç qurumu Pezident İlham Əliyevin imzaladığı dövlət proqramı əsasında birləşdirmək lazımdır. Onlar vahid strategiya üzərində işləməlidir. Ancaq bu formada hansısa çıxış yolundan söhbət gedə bilər”.

Mövzu ilə bağlı reportajı təqdim edirik:

Video: Mircavid Eminoğu, Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi