Martın 28-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Report”a bildirib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, təhsillə əlaqəsi olan şəxslərin ictimaiyyətə tanıdılmasıdır.
Onun sözlərinə görə, müsabiqədə yalnız müəllimlər deyil, valideynlər, şagirdlər, hətta məktəbin həyətində çalışan bağban da iştirak edə bilər:
“Müsabiqədə tək Bakı və şəhər ətrafı ərazilərin yox, bölgələrdə yaşayan müəllimlərin, şagirdlərin, valideynlərin də aktiv iştirak etməsini istərdik. Çünki bölgələrdə dərs prosesində, ümumiyyətlə, təhsillə əlaqəli bir sıra məsələlərdə maraqlı proseslərin olduğundan xəbərdarıq. Məqsədimiz həmin prosesin olduğu kimi, təbii və kiçikhəcmli videolar vasitəsilə cəmiyyətə təqdim olunmasıdır”.
Təhsilin idarə olunması üzrə ekspert Qoşqar Məhərrəmov isə əlavə edib ki, müsabiqənin keçirilməsi uğurlu təşəbbüs olmaqla yanaşı, həm də ümumtəhsil prosesinə mane ola bilər:
“Müsabiqənin keçirilməsi uğurlu addımdır. Ancaq bundan sui-istifadə olunması, dərs prosesində təbii olmayan, teatral vəziyyətin yaradılması və bu formada çəkilən videolarla müsabiqəyə qoşulmaq xoşagəlməz haldır. Belə bir vəziyyətin yaradılması uğursuz çəkiliş olmaqla yanaşı, ümumtəhsil prosesinə də mənfi təsir edə bilər. Ona görə müsabiqəyə qoşulmaq istəyən şəxslərə tövsiyə edirik ki, teatral vəziyyət yaratmadan, tam təbii və real olan hadisələrdən çəkilən videolarla müsabiqəyə qatılsınlar”.
Qeyd edək ki, müsabiqə mayın 20-nə qədər davam edəcək. Müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif ediləcəklər.
Daha ətraflı videomaterialda: