Hər hansı fövqəladə hal, təbii fəlakət və ya qəza baş verərsə, insanların köməyinə xilasedicilər çatır. Bəs xilasedicilərin işi necədir, onlar hadisə yerinə gələnə kimi hansı mərhələlərdən keçirlər?
“Report”un müxbiri xilasedicilərin işi ilə yaxından tanış olmaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinə yollanıb.
Xidmət 5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti
Xidmətin xilasedicisi Rəsul Cəfərovla söhbətimiz zamanı bildirir ki, 2007-ci ildən bu işdə çalışır: “Baş verən hadisə barədə böhran vəziyyətlərində idarəetmə mərkəzinin "112" xidmətinə edilən zənglə məlumat verilir. Hadisələr əsasən bağlı qapı arxasında insan faktoru, liftdə qalma, yol qəzası, uçqun və s. olur. Hadisə yerinə olayın miqyasına uyğun olaraq ya iki nəfərlik və yaxud da 5 nəfərlik ekipajı olan xilasedicilər dəstəsi çıxır. Olay yerinə çatdıqdan sonra ilkin qiymətləndirmə edirik. Daha sonra xilasetmə əməliyyatına başlayır və zərərçəkmişləri xilas edirik”.
R.Cəfərov xilasedicilərin təkcə Azərbaycanda deyil, digər ölkələrdə baş verən hadisələrdə də iştirak etdiyini deyir: “Məsələn, qardaş Türkiyənin Van əyalətində baş verən zəlzələ zamanı biz də öz köməkliyimizi göstərdik. Zəlzələ nəticəsində uçqunlar altında qalan insanların xilasetmə işində aktiv iştirak etdik. Həmçinin Gürcüstan Respublikasında baş verən meşə yanğınlarının söndürülməsində Azərbaycan xilasediciləri fədakarlıq göstərib”.
O söyləyir ki, bağlı qapı hadisələri insanlar tərəfindən səhv anlaşılır: “Elə bilirlər ki, xilasedicilər bağlı qalan qapıları açmaqla məşğuldur. Bu, belə deyil. Bəzən olur ki, kimsə evinin açarını itirir və yığır "112"yə ki, "mənim evimin qapısını açın". Çilingərin görəcəyi iş üçün bizim quruma müraciət edirlər. Bizim işimiz bağlı qapı arxasında insan faktoru ilə bağlıdır. Bağlı qapı arxasında yaşlı insan, uşaq və ya xəstə şəxs də ola bilər. Bəzən valideynlər evdə uşağı qoyub marketə düşür və evə qalxanda qapının bağlandığını öyrənir. Bu zaman onlar bizə müraciət etməlidirlər. Çünki qapının arxasında uşaq var və evdə özünə təhlükə yarada bilər. Məsələn, qazı aça, elektrik xəttinə toxuna, dolabları üzərinə aşıra bilər. Bu səbəbdən vaxtında müraciət edilməli və uşaq xilas olunmalıdır”.
Yol-nəqliyyat hadisələri zamanı xilasedicilərin fəaliyyətindən danışan R.Cəfərov bildirir ki, insanlar bəzən xilasedicilər gələnə kimi qəzaya düşən şəxsə kömək etməyə çalışır: “Belə hadisələr zamanı adətən sürücü və ya sərnişin avtomobildə sıxılmış vəziyyətdə olur. Ətrafdakı insan da cəld həmin şəxsi dartıb çıxarmağa çalışır. Bu, düzgün deyil. Çünki sonradan insanın səhhətində daha ciddi fəsadlar yarana bilər. Xilasedicilər belə hallarda yaralını xüsusi tibbi avadanlıqlardan - şinadan, boyun yaxalığından istifadə edərək çıxarırlar. Daha sonra yaralı təcili tibbi yardım briqadasına təhvil verilir”.
Xidmətin digər əməkdaşı, 11 ildir xilasedici kimi çalışan Əliyeva Leyla qeyd edir ki, ölkəmizdə mentalitetə xüsusi önəm verildiyinə görə bəzi hadisələrdə xanım xilasedicilərin olması zəruri olur: “Elə hadisələr var ki, orada qadınlar və ya uşaqlar olur. Həmin əməliyyatlara biz cəlb olunuruq. Məsələn, yol qəzası olub ki, zərərçəkmiş hicablı xanım olub, həyat yoldaşı kişi xilasedicinin onu qurtarmasını istəmir. O zaman qadın xilasedicilər kömək edir. Ümumiyyətlə, çətinliyindən və ağırlığından asılı olmayaraq bütün əməliyyatlara gedirəm. Hamısı da uğurla nəticələnib”.
Video: Vüqar Xanlarov