Gürcüstanın paytaxtı Tbilisinin sakinləri şəhər meri seçmək üçün təkrar səs verirlər.
“Report”un yerli bürosu xəbər verir ki, şəhərdə 769 seçki məntəqəsi yaradılıb.
Tbilisidə yerli seçkilərdə səsvermə hüququna malik olan seçicilərin sayı 1 002 525 nəfər təşkil edir.
Səsvermə zamanı koronavirus pandemiyasının təhlükəsizlik qaydalarına əməl olunur. Seçicilər qoruyucu maskadan istifadə edirlər və birdəfəlik qələmlə səs verirlər, komissiya üzvləri isə maska ilə yanaşı, üz sipərləri və tibbi əlcəkdədirlər. Vətəndaşlar seçim etdikdən sonra və əvvəl əllərini dezinfeksiyaedici məhlulla təmizləyə bilirlər. Məntəqədə seçicilər arasında sosial məsafənin saxlanılmasına da nəzarət edilir.
Gürcüstan ictimaiyyətinin əsas diqqəti Tbilisinin mer seçkilərinə yönəlib. Şəhər başçısı kürsüsü uğrunda həlledici mübarizə hakim Gürcü Arzusu Partiyasından Kaxa Kaladze (məşhur futbolçu) və Vahid Milli Hərəkat Partiyasından Nika Meliya arasında gedir.
Seçkilərin oktyabrın 2-də baş tutmuş ilk turunda K.Kaladze 45 %, N.Meliya isə 34 % səs əldə edib.
Gürcüstan vətəndaşları Tbilisi ilə yanaşı, Kutaisi, Batumi, Qori və Rustavi şəhərlərində də mer seçirlər. Seçki qanunvericiliyinə əsasən, II turda 50 %-lik baryerin keçilməsi tələb olunmur, yəni rəqibindən daha çox səs əldə edəcək namizəd qalib gələcək.
Seçkilər seçicilərin istənilən fəallıq göstəricisi ilə baş tutmuş hesab olunacaq. Saat 12:00-a olan məlumata əsasən, səsvermədə 358 782 seçici iştirak edib ki, bu da 17,18 % seçici fəallığı deməkdir. Tbilisdə isə bu göstərici 16,5 % təşkil edib.
Səsvermə prosesi saat 20:00-da başa çatacaq.